Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın “Politico” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, bunun əsas səbəbi Ukraynadakı müharibədir:
“Bu savaş Rusiyanın imkanlarına təsir göstərdi”.
N.Paşinyan etiraf edib ki, həm Azərbaycan, həm də Türkiyə Rusiya üçün strateji əhəmiyyət daşıyan ölkələrdir:
“Ona görə də Kreml bu dövlətləri özündən uzaqlaşdırmamağa çalışır. Biz isə müstəqil, suveren olmaq istəyirik”.
Ermənistanın hökumət başçısı, həmçinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlarını öhdəliklərini yerinə yetirməməkdə ittiham edib:
“Onlar öz missiyalarını icra edə bilmirlər. Hərçənd onlar Qarabağda olmasaydı, vəziyyətin necə inkişaf edəcəyini deyə bilmirəm”.
Baş nazirin sözlərinə görə, hazırda artan gərginlik fonunda eskalasiya ehtimalını istisna etmək mümkün deyil:
“Ermənistan buna hazırdır. Bununla belə, əgər biz davamlı, əbədi dövlətçiliyə sahib olmaq istəyiriksə, ilk növbədə qonşularımızla münasibətlərimizi nizama salmaq üçün çox ciddi addımlar atmalı və çox ciddi səylər göstərməliyik”.