Cari ilin 25 fevral tarixində Yəhudi Muzeyi və Tolerantlıq
Mərkəzində Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar anım tədbiri
keçirilib.
Azərbaycanın Rusiyadakı səfirliyindən AzerTimes-a verilən məlumata görə,
səfirliyin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
təşkilatı dəstəyi ilə keçirilən tədbirdə Türkiyənin Rusiyadakı
Səfiri Mehmet Samsar, diplomatik korpusun və Rusiya ictimaiyyətinin
nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB)
fəalları, diaspor təşkilatlarının üzvləri, Moskvada təhsil alan
tələbələr iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan Səfir Polad Bülbüloğlu çıxışında
xüsusilə qeyd etmişdir ki, artıq Azərbaycan xalqı bu günü tamamilə
fərqli hisslə qeyd edir, çünki qüdrətli ordumuz, igid oğullarımız
güclü və müdrik Ali Baş Komandanın rəhbərliyi altında uzun müddət
gözlənilən Qələbəni qazanmışdır. Bütün dünya ordumuzun nə qədər
qüdrətli və müasir olduğuna, əsgər və zabitlərimizin döyüş ruhunun
nə qədər yüksək olduğuna, Prezidentimiz, Ali Baş Komandan İlham
Əliyevin iradəsinin nə qədər möhkəm və qətiyyətli olduğuna şahid
olmuşdur.
Bu müharibənin tək işğal altında olmuş torpaqları deyil, eyni
zamanda şərəf və ləyaqəti qaytarmış, yaşlı nəslə gənclərin
gözlərinə dik baxmaq, gənc nəslə isə Vətəni azad etmək kimi mühüm
tarixi missiyanı yerinə yetirmək imkanını vermişdir. Səfir bu
igidlərin istilaçı olmadıqlarını, onların öz evlərinə
qayıtdıqlarını anlamağın vacibliyini qeyd etmişdir. Onların böyük
gücü və həqiqəti də məhz bunda idi. Onların arasında Xocalı
sakinləri də yer almışdır.
Bu müharibədə biz, bizim üçün hər biri son dərəcə əziz olan
minlərlə gəncimizi itirdiк. Bu qurbanlar uzun illər işğal altında
olan torpaqlarımızı azad etmək, Vətəni düşməndən təmizləmək,
köçkünlərimizin nəhayət öz doğma yerlərinə qayıtması naminə
verilmişdir.
Xocalı faciəsi Birinci Qarabağ müharibəsində ən miqyaslı və
qanlı, lakin, təəssüf ki, yeganə faciəvi səhifə olmamışdır.
Azərbaycanın Səfiri xatırlatmışdır ki, vaxtaşırı Rusiya
mətbuatında Birinci Qarabağ müharibəsinin Sumqayıt hadisələri ilə
başladığı haqda iddialar səslənir. O, ilk qanın Sumqayıtda yox,
daha öncə töküldüyünü vurğulayaraq, 1983-cü ildən Xocalı
soyqırımına qədər törədilən erməni vəhşiliklərinin və vandalizminin
təkzibolunmaz faktlarını xronoloji ardıcıllıqla diqqətə
çatdırmışdır. Dahi dövlət xadimi Heydər Əliyevin SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırılmasından
sonra azərbaycanlıların bütün Ermənistan ərazisindən kütləvi
şəkildə qovulması başlanmışdır. Səfir bütün bu faciəvi hadisələrdə
o vaxtkı erməni ziyalılarının mühüm neqativ rol oynadıqlarını da
təəssüf hissi ilə vurğulamışdır.
Azərbaycanlıların Ermənistan ərazisindən qovulması erməni
separatçılarının böyük planının yalnız başlanğıcı idi. İkinci
mərhələ Dağlıq Qarabağın, daha sonra azərbaycanlıların yaşadığı 7
rayonun etnik təmizlənməsi ilə davam etdirilmişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə Xocalıda dinc
azərbaycanlı əhaliyə qarşı ən amansız qətliamlardan biri baş
vermişdir. Bir gecədə 613 nəfər qətlə yetirilmiş, onların arasında
qocalar, qadınlar və uşaqlar olmuşdur. Sağ qalanların ifadələrində
hücum edənlərin inanılmaz, heç cür haqq qazandırıla bilinməyən
qəddarlığı haqda ifadələri öz əksini tapmışdır. Rusiyanın
“Memorial” hüquq-müdafiə mərkəzinin hesabatında cəsədlərin
əksəriyyətinin eybəcər hala salındığı və ya onlarda işgəncə izləri
olduğu qeyd edilmişdir. Lakin insanlığa qarşı törədilmiş bu ağır
cinayətlərə görə bu günə qədər heç kim məsuliyyətə cəlb
olunmamışdır.
Ötən illərdə müxtəlif ölkələrdə Azərbaycan xalqının
nümayəndələri Xocalı faciəsinə diqqət çəkərək, beynəlxalq
təşkilatları, dünyanın müxtəlif ölkələrinin hökumətləri və
parlamentləri tərəfindən qiymətin verilməsi və onun soyqırım aktı
kimi tanınması üçün çalışmışlar. Bir çox ölkələrin, o cümlədən
Bosniya və Herseqovina, Kolumbiya, Çexiya, Meksika, Pakistan,
Panama, Peru, Rumıniya, Qvatemala, eləcə də ABŞ-ın bir sıra
ştatlarının qanunverici orqanları Xocalı soyqırımını tanıyan aktlar
qəbul etmişlər.
Bütün bunların Heydər Əliyev Fondunun vitse-prezidenti xanım
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət”
beynəlxalq kampaniya çərçivəsində həyata keçirilən nəhəng ardıcıl
işin hesabına mümkün olmuşdur.
Səfir bir daha vurğulamışdır ki, Xocalı faciəsi Birinci Qarabağ
müharibəsi zamanı ən qanlı, ən dəhşətli, lakin yeganə olmayan
faciədir. Əsgəran, Qafan, Gümrü, Zəngibasar, Quqark, Kərkicahan,
Meşəli, Quşçular, Qaradağlı, Ağdaban, Xocalı – bu adların hər
birinin arxasında onlarla, yüzlərlə günahsız qətlə yetirilmiş
Azərbaycanın dinc sakini vardır.
O qeyd etmişdir ki, Birinci və İkinci Qarabağ müharibələri
zamanı insanlığa qarşı törədilən cinayətlərin dünya tərəfindən
tanınması və pislənməsi üçün səylər göstərilməlidir. Məlum olduğu
kimi, bu cür cinayətlərə görə məsuliyyətə cəlb etmə müddəti
yoxdur!
Səfir Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin rəhbərliyinə
göstərilmiş dəstəyə və əməkdaşlığa görə dərin minnətdarlığını
bildirərək, soyqırım yaşamış xalq kimi yəhudilərin Azərbaycan
xalqına qarşı edilmiş zülmü hər kəsdən daha yaxşı anladığını
söyləmişdir.
Polad Bülbüloğlu, həmçinin bugünkü tədbirdə iştirak etməklə
Azərbaycan xalqının dərdinə şərik olan Rusiya ictimaiyyətinin
nümayəndələrinə, diplomat həmkarlarına təşəkkür etmişdir.
Tanınmış rusiyalı politoloq, hərbi ekspert, “Natsionalnaya
oborona” jurnalının baş redaktoru İqor Korotçenko çıxışında bu
dəhşətli cinayətlərin törədilməsi göstərişini verən və onların
bilavasitə icrasına görə məsuliyyət daşıyan şəxslərin
cəzalandırılmasının vacibliyini vurğulamışdır. O demişdir: “Bu
cinayətin törədilməsində əli olanlar, şübhəsiz ki, cəzalarını
almalı və bunun, ilk növbədə, belə dəhşətli hadisələrin nə indi, nə
də gələcəkdə təkrarlanmaması üçün mühümdür. Erməni millətçi və
separatizm ideyaları Sovet İttifaqının dağılmasının detonatoruna
çevrilmiş və qardaş qırğınına, qanlı müharibəyə səbəb
olmuşdur”.
O, eyni zamanda, Rusiyada Xocalı faciəsinin qanunvericilik
səviyyəsində soyqırım aktı kimi tanınması üçün bütün zəruri
tədbirlərin həyata keçirilməli olduğuna əminliyini ifadə
etmişdir.
İsraildən olan jurnalist və politoloq Arye Qut Xocalı faciəsinin
Azərbaycan xalqının ağrısı olduğunu bildirərək, Azərbaycana öz
dəstəyini ifadə etmişdir. O vurğulamışdır ki, Xocalıda baş vermiş
faciəli hadisələrlə əlaqədar hər il İsraildə də tədbirlər
keçirilir, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin xatirəsi
yad edilir.
O, atası Əmir Qutla birgə yazdığı «Боль» adlı bədii-sənədli
romanın yaranma tarixi barədə tədbir iştirakçılarına məlumat
vermişdir. Kitab Xocalıda törədilmiş dəhşətli soyqırım aktından
bəhs edir. Kitabın müəllifi sözügedən romanın bir neçə dilə tərcümə
olunduğunu söyləyərək, Azərbaycan dilində xanım Leyla Əliyevanın
dəstəyi ilə nəşr olunduğunu vurğulamışdır.
Çıxışının sonunda Arye Qut təəssüflə qeyd etmişdir ki, Xocalıda
vəhşiliyi törətmiş Ermənistanın keçmiş siyasi rəhbərliyi hələ də
azadlıqdadır.
İsrailli politoloq İkinci Qarabağ müharibəsində Azərbaycan
ordusunun qələbəsini xatırlamış, bu gün Azərbaycanın qalib ölkə
olduğunu vurğulayaraq, Azərbaycan Prezidentinin “Qarabağ
Azərbaycandır!” şüarını səsləndirmişdir.
Sonra yazıçı Yuri Pompeyev çıxış edərək, Xocalıda baş vermiş
faciəli hadisələrin amansızlığını qeyd etmişdir. O xatırlatmışdır
ki, erməni hərbçilərinin vəhşilikləri azərbaycanlı jurnalist Çingiz
Mustafayev tərəfindən lentə alınmış və həmin vaxt Rusiya
televiziyasında nümayiş etdirilmişdir. Yazıçı qonaqlara “Qarabağın
qanlı girdabı” kitabı haqqında məlumat verərək, kitab üzərində
işləyərkən bu hadisələri hərtərəfli öyrəndiyini və bu kontekstdə
Azərbaycan Respublikasının o vaxtkı hakimiyyətinin
məsuliyyətsizliyini qeyd etmişdir. O, Ermənistanın gələcək müdafiə
naziri Seyran Ohanyanın, gələcək prezidentləri Robert Koçəryan və
Serj Sarqsyanın həmin vəhşiliklərin törədilməsində bilavasitə əli
olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq, Ermənistanın
adları çəkilən keçmiş rəhbərlərinin axtarışa verilməsi ilə bağlı
Azərbaycan hakimiyyətinin son qərarının əhəmiyyətini vurğulamışdır.
Onların mülki şəxslərə qarşı törədilmiş bütün vəhşiliklərə görə
Haaqa beynəlxalq məhkəməsi qarşısında çıxış etmələrinin vaxtının
çatdığını söyləmişdir.
Sonra RAGB fəalı, həkim və otuz il əvvəl baş vermiş faciəli
hadisələrin şahidi Orxan Kərimov doğulduğu Qaradağlı kəndində baş
verənlərlə bağlı acı xatirələrini bölüşmüşdür. Qohumları və
dostları arasında Vətən uğrunda canından keçmiş şəhidlərin olduğunu
qeyd edərək, o qanlı günlərin xatirəsinin tarix və gələcək naminə
yaşadılmasının vacibliyini xüsusilə vurğulamışdır.
Tədbirdə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş
“Remember” adlı yeni videoçarx təqdim olunmuşdur.
Konfransın sonunda Polad Bülbüloğlu tədbir iştirakçılarına
təşəkkürünü bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Rusiya Federasiyasına uğurla baş tutmuş rəsmi səfəri
barədə ətraflı məlumat vermişdir. Polad Bülbüloğlu səfər zamanı
imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında
müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin
əhəmiyyətini vurğulamışdır. O, eyni zamanda, bu sənədin ölkələrimiz
arasında ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə
çıxardığını və yaxın illər üçün əməkdaşlığın əsas istiqamətlərini
müəyyən etdiyini qeyd etmişdir.