Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə iftar verilib (FOTO)

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü təşkil edilib və iftar
verilib.

AzerTimes-ın məlumatına görə, Moskva müsəlmanları Ruhani İdarəsinin
təşkilatçılığı və Rusiya müsəlmanları Ruhani İdarəsi və Moskva
hökumətinin dəstəyi ilə “Poklonnaya qora” bölgəsində keçirilən
tədbirdə ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri,
müxtəlif millətlərə mənsub minə yaxın müsəlman iştirak edib.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar
proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova tədbirin
iştirakçılarına təşəkkürünü bildirib və İslam dəyərlərinin
Azərbaycanın milli mənəviyyatının ayrılmaz tərkib hissəsinə
çevrildiyini qeyd edib. O bildirib ki, Azərbaycan iqtisadi, siyasi
və mədəniyyət sahəsində liderlik mövqeyinə malik olmaqla yanaşı,
həm də dünyada multikulturalizmin mərkəzi hesab olunur.

“Poklonnaya qora”dakı məsciddə hər il Azərbaycan diasporunun
nümayəndələri və digər müsəlmanlarla birlikdə müqəddəs Ramazan
ayını qeyd etmək ənənəsi yaranıb. İldən-ilə Heydər Əliyev Fondu
müsəlmanlar üçün iftar süfrəsinin təşkilində fəal iştirak edir”, –
deyə Fondun nümayəndəsi bildirib.

Moskva müsəlman məktəbinin direktoru Ənəs Həzrət Məmmədov
iştirakçıları Ramazan ayı münasibətilə təbrik edib, tədbirə görə
Heydər Əliyev Fonduna təşəkkürünü bildirib və bu hadisənin Moskvada
yaşayan azərbaycanlılar və bütün müsəlmanlar üçün vacib olduğunu
bildirib.

“Ramazan çadırı” layihəsinin təşkilatçıları dini-mənəvi
dəyərlərə yüksək qiymət verdiyinə görə Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanı təşəkkür məktubu ilə təltif
ediblər.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə hazırlanmış “Vətən ruhu” videoçarxı
nümayiş etdirilib, Moskva müsəlman məktəbinin tələbələri dini
şeirlər səsləndirib, Moskva Dövlət Konservatoriyasının azərbaycanlı
tələbələri Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.

İftara qədər Azərbaycandan olan din xadimi Müqəddəs Qurandan
surələr oxuyub, dualar edib. Daha sonra müsəlmanlar iftar açıblar.
Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq
16 ildir ki, Moskvada təşkil olunan “Ramazan çadırı” layihəsində
iştirak edir. “Ramazan çadırı” Rusiya Müftiləri Şurasının Moskvada
yaşayan və İslam dininə ibadət edən çoxsaylı xalqların
nümayəndələrini birləşdirən və onlar arasındakı əlaqələri
möhkəmləndirmək məqsədi ilə həyata keçirilən vacib layihədir.

Teqlər: