Moskva və Bakı bir sıra sənədlər imzaladı

Moskva və Bakı bir sıra sənədlər imzaladı

Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində bir sıra ikitərəfli sənədlər (memorandum və investisiya əməkdaşlığı ilə bağlı sazişlər) imzalanıb.

AzerTimes xəbər verir ki, imzalanma mərasimi plenar iclasın yekunları üzrə iki ölkənin baş nazirinin müavinləri Şahin Mustafayev və Aleksey Overçukun iştirakı ilə keçirilib.

Sənədlər sırasına Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Stavropol diyarının Ticarət və Sənaye Palatası” İttifaqı, “Kavkaz.RF” QSC ilə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Həştərxan vilayəti hökuməti ilə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq haqqında” və “Azərbaycan-Rusiya İşgüzar Şurası ilə Stavropol diyarının Ticarət və Sənaye Palataları İttifaqı arasında əməkdaşlıq haqqında” sazişlər, “Tərəvəz məhsullarının istehsalı üçün istixana kompleksinin tikintisi üzrə investisiya layihəsinin həyata keçirilməsi haqqında”, “400 çarpayılıq sanatoriya-mehmanxana kompleksinin yaradılması üzrə investisiya layihəsinin həyata keçirilməsi haqqında”, “Rusel” sanatoriyasının tikintisi üzrə investisiya layihəsinin həyata keçirilməsi haqqında” memorandumlar daxildir.

Qeyd edək ki, Rusiya və Azərbaycan arasında iki dövlət başçılarının təşəbbüsü ilə təşkil olunan regionlararası forumlar 2009-cu ildən bəri keçirilir. Bu, iki ölkənin regionları arasında yeni əlaqələrin qurulmasına və birgə perspektivli layihələrin müzakirəsinə kömək edir. İlk forum Bakıda keçirilib və müxtəlif illərdə Rusiyanın Həştərxan, Volqoqrad, Yekaterinburq şəhərləri ilə yanaşı, Azərbaycanın Qəbələ şəhəri də tədbirə ev sahibliyi edib. XI forum Bakıda keçirilib. Nəticədə bir sıra ikitərəfli sənədlər imzalanıb.

Teqlər: