Moskva separatçılarla sülhə mane olmağa çalışır

Moskva separatçılarla sülhə mane olmağa çalışır

ABŞ və Qərb diplomatlarının Cənubi Qafqaz respublikalarına səfərləri, XİN rəhbərləri ilə görüşləri regionda daimi sülh prosesinin tənzimlənməsinə xidmət edən amillərdən biridir.

AzerTimes xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Şərq.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qərb ölkələri, ABŞ və Avropa Birliyi Azərbaycan-Ermənistan arasında sülhün bərqərar olmasından sonra kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin güclənməsi, bölgədəki problemlərin həllində həqiqətən maraqlıdırlar:

“Azərbaycan elə bir regionda yerləşir ki, Qərb və Şərq üçün körpü rolunu ifadə edir. Ona görə Ermənistanla Azərbaycan arasında əlaqələrin qurulması və sabitliyin olması xüsusi əhəmiyyət daşıyır. İran və Rusiyanın bölgədə destruktiv hərəkətləri tam sülhün olmasına imkan vermir. Həm də hər iki ölkə Qərbin sanksiyaları altındadır. Yəni regionda ən əlverişli və etibarlı tərəfdaş Azərbaycandır. İrəvan hökuməti də Qərbdən müəyyən çağırışlar almaqdadır. Son günlər Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı açıqlamaları buna xidmət edir. Paşinyan da dərk edir ki, sülh müqaviləsi imzalanmadığı müddətcə Ermənistanın gələcəyi yoxdur. O baxımdan Paşinyan da əslində Azərbaycanla sülh müqaviləsinin bağlanmasında, əməkdaşlığın qurulmasında maraqlı olduğunu gizlətmir. Həmçinin Rusiyanın vasitəçiliyinin bu məsələyə töhfə vermədiyini də anlayır. Qərbin aktivliyini, İrəvanın mövqe dəyişikliyini görən Moskva revanşist qüvvələrin, Qarabağdakı separatçıların iştirakı ilə prosesin inkişafına mane olmağa çalışır. Ancaq bunu bacarmır, çünki Qərb daha istəkli və qərarlıdır. ABŞ diplomatlarının bölgəyə gəlişi, rəsmilərlə görüşləri önəmlidir. Əgər İrəvan hökuməti də qətiyyətli addım atarsa, ABŞ-ın fəallığı işə yarayar və sülh müqaviləsi imzalanar”.

Teqlər: