Moskva Bəyannaməsinin TAM MƏTNİ

Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında”
Bəyannamə imzalanıb.

Trend xəbər verir ki, sənədi Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti
Vladimir Putin imzalayıblar.

Bəyannamənin tam mətnini təqdim edirik:

Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında
müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,

Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf
perspektivlərini hərtərəfli nəzərdən keçirərək,

Rusiya və Azərbaycan və iki ölkənin xalqları arasında dostluq və
mehriban qonşuluq tarixi ənənələrinə, dərin mədəni və humanitar
əlaqələrə arxalanaraq,

Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq,
əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il
tarixli Müqaviləyə, Rusiya Federasiyası və Azərbaycan Respublikası
arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il
tarixli Bəyannaməyə və Rusiya Federasiyasının Prezidenti V.V.Putin
və Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin 1 sentyabr
2018-ci il tarixli Birgə Bəyanatına əsaslanaraq,

ikitərəfli münasibətləri Rusiya Federasiyasının və Azərbaycan
Respublikasının xalqlarının maraqlarına tam şəkildə cavab verəcək,
regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin
edilməsinə və möhkəmləndirilməsinə töhfə verəcək keyfiyyətcə yeni,
müttəfiqlik səviyyəsinə qaldırmağa çalışaraq,

iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar,
təhsil, sosial sahələrdə, eləcə də səhiyyə, gənclər arasında
əməkdaşlıq və idman sahəsində yaxınlaşmasının vacibliyini dərk
edərək,

iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan
hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə
dönməz sadiqliklərini ifadə edərək,

Rusiya Federasiyasının və Azərbaycan Respublikasının üzv
olduqları beynəlxalq və regional təşkilatlarda qarşılıqlı maraq
doğuran məsələlər üzrə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi
niyyətindən çıxış edərək,

Tərəflərin Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında
inteqrasiya proseslərinin inkişaf etdirilməsində maraqlı
olduqlarını və müvafiq səylərdə Rusiya Federasiyasının əsas rolunu
nəzərə alaraq,

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin, Helsinki
Yekun Aktının və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının
(ATƏT) konsensusla qəbul edilən digər sənədlərinin məqsəd və
prinsiplərinə, beynəlxalq hüququn ümumtanınmış prinsip və
normalarına riayət edərək,

beynəlxalq hüquq əsasında çoxqütblü dünyanın
formalaşdırılmasının və beynəlxalq sülhün və təhlükəsizliyin
qorunub-saxlanmasında BMT-nin mərkəzi rolunun vacibliyini qeyd
edərək,

aşağıdakıları bəyan edirlər:

1. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz
münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin
müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət
sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də
bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və
qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq
etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında
qururlar.

2. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz milli
maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət
yürüdürlər.

3. Rusiya Federasiyası və Azərbaycan Respublikası həm qlobal,
həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və
təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyət
göstərirlər. Tərəflər münaqişələrin qarşısının alınması və
nizamlanmasında və regional və qlobal təhlükəsizlik və sabitlik
problemlərinin həllində BMT-nin və BMT-nin Təhlükəsizlik Şurasının
mərkəzi rolunun daha da gücləndirilməsinə, ATƏT-in konsensusla
qəbul edilmiş sənədlərində təsbit edilmiş məqsəd və prinsiplərin
reallaşdırılmasına xüsusi önəm verirlər.

4. Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual
beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla o
cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv
əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən
məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və
forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər.

5. Tərəflər Qafqaz və Xəzər regionlarında sabitlik və
təhlükəsizliyin təmin edilməsi məqsədilə xarici siyasət fəaliyyəti
sahəsində qarşılıqlı fəaliyyət göstərirlər.

6. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən
birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya
Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət
yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu
təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz
məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər.

7. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən
birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və
müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən
çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri
xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini
yaradırlar.

8. Azərbaycan tərəfi 2020-ci ilin noyabr ayında regionda atəşin
və bütün hərbi əməliyyatların tam dayandırılmasında Rusiya
Federasiyasının vasitəçilik rolunu yüksək qiymətləndirir.

9. Rusiya Federasiyası və Azərbaycan Respublikası regionda
sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi, bütün iqtisadi və
nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə
Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması
üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti,
Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının
Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il
tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının
müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər
cür dəstək verəcəklər.

10. Tərəflər yuxarıda qeyd olunan bəyanatların müddəalarından
irəli gələn məsələlərin həllində qarşılıqlı fəaliyyət göstərəcək və
region dövlətləri arasında uzunmüddətli sülhün yaradılması üzrə
regional və beynəlxalq səviyyələrdə sıx əməkdaşlıq edəcəklər.

11. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz
ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət
suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş
fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.

12. Tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə
qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf
etdirirlər.

13. Tərəflər Rusiya Federasiyasının və Azərbaycan
Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş
hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla
qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi
əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər.

14. Tərəflər hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini
nəzərə almaqla müasir silah və hərbi texnika ilə təchiz olunma
məsələləri, eləcə də bu sahədə qarşılıqlı maraq doğuran digər
istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərirlər.

15. Tərəflər silahlar və hərbi texnika üçün texniki xidmət,
təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə
də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə
istehsalının təşkili üzrə səylərini fəallaşdırırlar.

16. Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin
qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan
Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq
müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi
öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını
nəzərdən keçirə bilərlər.

17. Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də
daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən
çəkinirlər.

18. Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq
terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli
mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və
informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə,
eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və
onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu
kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd
fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və
qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər.

19. Rusiya Federasiyası və Azərbaycan Respublikası 12 avqust
2018-ci il tarixli Xəzər dənizinin hüquqi statusu haqqında
Konvensiyanı razılaşdırılmış etimad tədbirlərinin, mehriban
qonşuluq və qarşılıqlı anlaşma mühitinin irəli aparılması da daxil
olmaqla Xəzər regionunda təhlükəsizliyin və sabitliyin
qorunub-saxlanması və möhkəmləndirilməsi, bütün Xəzəryanı
dövlətlərin maraqlarına hörmət edilməsi üçün etibarlı hüquqi əsas
kimi nəzərdən keçirirlər.

20. Tərəflər Xəzər regionunda əməkdaşlığın inkişafı, Xəzər
dənizində sahilyanı dövlətlərin suverenliyinin, suveren və müstəsna
hüquqlarının realizəsi, eləcə də onların yurisdiksiyalarının həyata
keçirilməsi üçün Xəzər dənizinin hüquqi statusu haqqında
Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin
vacibliyini təsdiq edirlər.

21. Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq
öhdəliklərinə və milli qanunvericiliklərinə uyğun olaraq bir
Tərəfin fiziki və hüquqi şəxslərinin qanuni haqq və maraqlarının
digər Tərəfin ərazisində təmin edilməsi üzrə səmərəli tədbirlər
həyata keçirirlər.

22. Tərəflər iki ölkənin ticarət-iqtisadi əlaqələrinin davamlı
artımının təmin edilməsi üçün vacib əhəmiyyəti olan Rusiya
Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi
əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işinə hərtərəfli
yardım etməyə davam edəcəklər.

23. Tərəflər davamlı inkişafa və hər iki dövlətin iqtisadi
potensialından səmərəli istifadəyə böyük əhəmiyyət verərək iqtisadi
islahatların həyata keçirilməsində qarşılıqlı fəaliyyət göstərəcək,
iki ölkə arasında iqtisadi qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi
məqsədilə 1 sentyabr 2018-ci il də imzalanmış Rusiya-Azərbaycan
əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət
Planının realizə edilməsinə, ikitərəfli və çoxtərəfli beynəlxalq
müqavilələrdən irəli gələn öhdəliklərinə uyğun olaraq əmtəə və
xidmətlərin sərbəst hərəkəti üçün əlverişli şəraitin yaradılmasına,
eləcə də regional iqtisadi əməkdaşlığın irəlilədilməsinə yardım
göstərəcəklər.

24. Rusiya Federasiyası və Azərbaycan Respublikası qarşılıqlı
faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığı
dərinləşdirmək, istehsal və elmi əməkdaşlığı, hər növ mülkiyyət
formalı təsərrüfat subyektləri arasında birbaşa əlaqələri
keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədirlər.

25. Rusiya Federasiyası və Azərbaycan Respublikası digər Tərəfin
maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi
fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər.

26. Tərəflər milli qanunvericilikləri çərçivəsində metallurgiya,
neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya,
əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida
maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrin daha da
inkişaf etdirilməsinə imkan yaradacaqlar.

27. Rusiya Federasiyası və Azərbaycan Respublikası milli
qanunvericilikləri və kredit-pul siyasətləri çərçivəsində
kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının
əməkdaşlığının inkişaf etdirilməsinə, maliyyə-sənaye qrupları,
istehsal və digər təşkilati-təsərrüfat strukturları da daxil
olmaqla birgə müəssisələrin yaradılmasına yardım göstərməyə
hazırlıqlarını ifadə edirlər.

28. Tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan
istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş
sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları
arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan
yaradacaqlar.

29. Tərəflər intellektual nəqliyyat sistemləri
texnologiyalarından istifadə etməklə tranzit-nəqliyyat qarşılıqlı
fəaliyyətinin potensialının ardıcıl inkişafını, “Şimal-Cənub”
beynəlxalq nəqliyyat dəhlizinin davamlı və tammiqyaslı fəaliyyəti
üçün texniki və iqtisadi şəraitin təmin edilməsini hədəfə
almışlar.

30. Tərəflər onların ərazilərindən keçən beynəlxalq nəqliyyat
dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin
edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcək
və bir-birinə milli qanunvericilik və ikitərəfli razılaşmalar
çərçivəsində tranzit daşımaları üçün əlverişli şərait
yaradacaqlar.

31. Rusiya Federasiyası və Azərbaycan Respublikası
bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda beynəlxalq enerji
əməkdaşlığının stimullaşdırılması və qlobal enerji
təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə sıx qarşılıqlı
fəaliyyət həyata keçirərək yanacaq-energetika sahəsində, o cümlədən
səmərəli infrastruktur layihələrinin cəlb edilməsi də daxil olmaqla
neft-qaz yataqlarının kəşfiyyatı və emalı, enerji resurslarının
nəqli sahəsində, eləcə də alternativ və bərpa olunan enerji
mənbələri və enerji səmərəliliyi sahəsində əməkdaşlığı
dərinləşdirmək niyyətindədirlər.

32. Tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə
sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi
imkanlarını nəzərdən keçirəcəklər.

33. Rusiya Federasiyası və Azərbaycan Respublikası
informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə
layihələrin inkişafını, yüksək keyfiyyətli səs trafikinin
mübadiləsi üçün səmərəli şəraitin yaradılması da daxil olmaqla
Rusiya və Azərbaycanın telekommunikasiya operatorları arasında
birbaşa əlaqə kanallarının təşkilini təşviq edəcəklər.

34. Tərəflər beynəlxalq informasiya təhlükəsizliyi, kütləvi
kommunikasiya vasitələri, publik və ictimai diplomatiya ilə
əlaqədar məsələlərin geniş dairəsi üzrə iki ölkənin müvafiq
strukturları və təşkilatları arasında sahəvi məsləhətləşmələrin
keçirilməsi vasitəsilə də daxil olmaqla əməkdaşlığın qurulmasına
yardım edəcəklər.

35. Tərəflər aqrar-sənaye kompleksi sahəsində, o cümlədən kənd
təsərrüfatı məhsulları ilə təchiz etmə, kənd təsərrüfatı
məhsullarının istehsalının, emalının və saxlanmasının aparıcı
texnologiyalarından istifadə məsələləri, eləcə də fitosanitar
normalara əməl etmə üzrə əlaqələrin inkişafına və təcrübə
mübadiləsinə yardım edəcəklər.

36. Rusiya Federasiyası və Azərbaycan Respublikası müxtəlif
beynəlxalq iqtisadi, maliyyə və digər təşkilat və institutlar
çərçivəsində bir-birinə onlarda iştirakda və ya bir Tərəfin marağı
olduğu təqdirdə onun digər Tərəfin üzvü olduğu beynəlxalq
təşkilatlara üzv olmasında dəstək verməklə qarşılıqlı fəaliyyət
göstərirlər.

37. Tərəflər səhiyyə sahəsində, infeksion xəstəliklərə qarşı
mübarizə də daxil olmaqla əhalinin sanitar-epidemioloji rifahının
təmin edilməsi sahəsində birgə layihələrin həyata keçirilməsində
əməkdaşlığı inkişaf etdirəcəklər, həmçinin bioloji təhlükəsizlik
sahəsində əməkdaşlığın qurulması imkanlarını öyrənəcəklər.

38. Rusiya Federasiyası və Azərbaycan Respublikası
parlamentlərarası əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər.

39. Tərəflər səmərəli qarşılıqlı fəaliyyət, ticarət, təsərrüfat,
mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli
şərait yaratmaq məqsədilə Rusiya Federasiyasının regionları və
Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına yardım
edəcəklər.

40. Tərəflər, milli qanunvericiliklərinə uyğun olaraq iki
ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına
hərtərəfli yardım etmək, Tərəflərin ərazilərində yaşayan milli
azlıqların tarixi, mədəni və dini irsinin, eləcə də etnik, dil və
mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafını
təmin etmək, onların nümayəndələrinin ictimai-siyasi, mədəni və
sosial-iqtisadi həyatda fəal iştirakına şərait yaratmaq
niyyətindədirlər. Bununla əlaqədar olaraq, Tərəflər milli
qanunvericilik çərçivəsində Rusiya Federasiyasının və Azərbaycan
Respublikasının iqtisadi, mədəni və humanitar əlaqələrin
genişlənməsinə töhfə verəcək diaspor təşkilatlarının
fəaliyyətlərinin təşviqi üçün addımlar atacaqlar.

41. Rusiya Federasiyası və Azərbaycan Respublikası mədəniyyət və
incəsənət, təhsil, elm, turizm və idman sahələrində qarşılıqlı
əlaqələri dərinləşdirməyə, ictimai və gənclər təşkilatları, tədris
təşkilatları və təhsil müəssisələri, innovasiya mərkəzləri, kütləvi
informasiya vasitələri arasında həm ikitərəfli, həm də çoxtərəfli
formatlarda əlaqələrin qurulmasına yardım etməyə davam
edəcəklər.

42. Tərəflərdən hər biri öz ərazisində digər Tərəfin humanitar,
elmi-texniki, mədəni və informasiya əlaqələrinin inkişafına
yönəlmiş, o cümlədən də ikitərəfli sazişlər əsasında və milli
qanunvericilik çərçivəsində informasiya-mədəniyyət mərkəzləri
vasitəsilə fəaliyyətini dəstəkləyəcəkdir.

43. Tərəflər konsert-qastrol fəaliyyəti, kitabxana və muzey işi,
kinematoqrafiya və mədəniyyət üzrə təhsil sahəsində əməkdaşlığın
dərinləşdirilməsini, eləcə də irimiqyaslı mədəni maarifləndirmə
tədbirlərinin keçirilməsini təşviq edəcəklər.

Teqlər: