Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur – Səttar Möhbalıyev

Azərbaycanın qonşu dövlətlərlə münasibətləri mehriban qonşuluq
prinsiplərinə əsaslanır, etibarlı tərəfdaş kimi hər zaman öz
dəyişməz mövqeyini nümayiş etdirir. Dövlətimizin başçısı cənab
İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini regionda sülh və
təhlükəsizliyin, sabitliyin təmin olunması təşkil edir. Təbii ki,
bu, region dövlətlər tərəfindən yüksək qiymətləndirilir və
Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər. Bu xüsusda Rusiya
ilə münasibətlərimizi yüksək dəyərləndirərdim. Bütün sahələrdə
əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Deyərdim ki, bu
münasibətlər hər iki dövlətin qarşılıqlı maraqları çərçivəsində
bütün sahələrdə özünü göstərir və hər iki dövlətin milli mənafeyinə
əsaslanır. İqtisadi-ticari əlaqələrimizə nəzər salsaq, görərik ki,
bu sahədə ildən-ilə artım müşahidə olunur. Belə ki, əmtəə
dövriyyəsinin həcmi 3 milyard dolları keçib. Bu da, təbii ki,
yüksək göstəricidir. Ölkəmizdə qeyri-neft sektorunun sürətli
inkişafında da şimal qonşumuzla əlaqələr mühüm rol oynayır. Bu
sahədə istehsal olunan mallar daha çox Rusiya bazarlarına ixrac
olunur.

AzerTimes xəbər verir ki, bu
fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, hal-hazıradək ölkələrimiz arasında hüquqi
baza təşkil edən 245 sənəd imzalanıb: “Bunların arasında dostluq,
əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il tarixli
Müqavilə, dostluq və strateji tərəfdaşlıq haqqında 2008-ci il
tarixli Bəyannamə və hər iki ölkə prezidentlərinin 2018-ci il
tarixli Birgə Bəyanatı münasibətlərimizin strateji xarakterini
müəyyənləşdirib. Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri
çərçivəsində fevralın 22-də Moskvada imzalanan “Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik
qarşılıqlı fəaliyyəti haqqında” bəyannamə artıq münasibətlərimizi
müttəfiqlik səviyəsinə qaldırı. Bu da hər iki ölkənin milli
maraqlarına tam cavab verir, xalqlarımız arasında mövcud olan
dostluq bağlarını daha da möhkəmləndirəcək. Bəyannamə iki ölkənin
siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial
sahələrdə, eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman
sahəsində yaxınlaşmasında əhəmiyyətli rol oynayacaq. Müstəqillik,
dövlətlərimizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin
toxunulmazlığı məsələsi bəyannamədə xüsusi olaraq vurğulanır və
müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimizin əsasını təşkil
edir. Burada sülh və təhlükəsizlik məsələlərinə də xüsusi önəm
verilir. Təbii ki, bu da dövlətimizin maraqları ilə tam uzlaşır.
Bəyannamədə Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya
Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il
tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının yer alması
diqqət çəkən məqamlardandır. Bildirilir ki, bəyanatların
müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər
cür dəstək veriləcək. Buradan çıxış edərək deyə bilərik ki,
Ermənistan tərəfi imzaladığı bəyanatlarla üzərinə düşən öhdəlikləri
mütləq yerinə yetirməlidir. Bu, regionda sabitliyin davamlı olması
baxımdan xeyli əhəmiyyətlidir. Qeyd edək ki, Azərbaycanın regionun
lider dövlətinə çevrilməsi, qalib dövlət olaraq yaratdığı yeni
konfiqurasiya, regionda sülh və təhlükəsizlik naminə səyləri,
görünür, bütün dövlətlər, o cümlədən Rusiya tərəfindən də yüksək
qiymətləndirilir və Azərbaycanla müttəfiqlik münasibətlərində
maraqlıdır”.

“Ümumilikdə bəyannamə iki ölkə arasında mövcud olan
münasibətlərin müttəfiqlik mərhələsinə keçməsinə şərait yaradır.
Eyni zamanda iqtisadi əlaqələrin inkişafına, qarşılıqlı investisiya
qoyluşunun artmasına, turizim əlaqələrinin genişlənməsinə, bununla
da xalqlarımızın rifah halının daha da yaxşılaşmasına yeni imkanlar
açacaq. Yeri gəlmişkən, qətiyyətlə deyə bilərik ki, bəyannamə
Ermənistanın uydurduğu digər bir mifin məhv olmasına gətirib
çıxardı. Onlar uzun illər iddia edirdilər ki, Rusiya Ermənistanın
ən yaxın müttəfiqidir. Hətta işğal altında olan torpaqlarımızı 44
günlük Vətən müharibəsində azad edərkən ermənilər Rusiyanın onlar
tərəfindən döyüşəcəyini iddia edirdilər. Amma dövlətimizin başçısı
cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Ermənistanın
bu kimi niyyətlərini puça çevirdi”, – Milli Məclisin deputatı
deyib.

Teqlər: