Moskva Bəyannaməsi ilə Azərbaycan-Rusiya münasibətləri keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir – Vüqar Rəhimzadə

“Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə
bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında
münasibətlər quran Azərbaycanın beynəlxalq münasibətlər sistemində
yeri və rolu artmaqdadır. Tarixi Zəfərimizin yaratdığı reallıqlar
fonunda yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edən
Azərbaycanın ötən ilin iyununda qardaş Türkiyə ilə müttəfiqlik
sənədini, bu il fevralın 22-də isə dövlət başçısı İlham Əliyevin
Rusiya Federasiyasına rəsmi səfəri zamanı “Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında” Bəyannamənin imzalanması da postmünaqişə dövrünün
reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayır. Hər iki sənəd
ölkələr arasında müttəfiqlik münasibətlərinin inkişafında,
əlaqələrdə yeni mərhələnin başlanmasında əhəmiyyətli rol
oynayacaq.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə
açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Qoşulmama Hərəkatının üzvü və
fəaliyyətdə olan sədri kimi Azərbaycan tam neytral, öz milli
maraqlarına uyğun çoxşahəli müstəqil xarici siyasət yürüdür,
respublikamızın digər ölkələrlə münasibətləri heç vaxt üçüncü
tərəfə qarşı yönəlməyib: “Bəyannamənin imzalanması regionda gedən
son proseslərlə əlaqələndirilə bilməz. Azərbaycan dövlətinin xarici
siyasətində qonşularla əlaqələrin yeni prioritetlər üzrə inkişafı
əsas yer tutur. Azərbaycan-Rusiya münasibətləri tarixi köklərə
malikdir. Qarşılıqlı səfərlər və bu səfərlər çərçivəsində imzalanan
sənədlər münasibətlərimizin inkişafında yeni mərhələnin
başlanmasında stimulverici amildir. İki qonşu ölkənin əlaqələrinin
yüksələn xətlə inkişafında, həmçinin dövlət başçılarının şəxsi
münasibətləri, qarşılıqlı yüksək etimad mühiti əhəmiyyətli rol
oynayır. Prezident İlham Əliyev daim bu reallığı önə çəkir ki, hər
bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərinin qurulması
çox vacib amildir. Azərbaycan o ölkələrdəndir ki, çox konstruktiv,
düşünülmüş siyasət apararaq Ermənistan istisna olmaqla bütün
qonşuları ilə gözəl münasibətlər qura bilib və dövlətimiz bu
əməkdaşlıqdan maksimum faydalanır. Məlumdur ki, müasir dövrdə həm
regional təhlükəsizliyin təmin olunması, həm də nəqliyyat,
energetika, ticarət məsələlərinin uğurla həlli xeyli dərəcədə
qonşularla münasibətlərin inkişaf səviyyəsindən asılıdır. Bu
baxımdan əminliklə deyə bilərik ki, qədim dostluq və mehriban
qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətləri daim
yüksələn xətt üzrə inkişaf edir.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki,
Rusiya-Azərbaycan münasibətlərinin bundan sonrakı uğurlu inkişafı
regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılmasına,
Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə,
xalqlarımızın əsaslı maraqlarının reallaşmasına öz müsbət təsirini
göstərəcək: “Azərbaycan dövləti tarixi Zəfərimizin reallıqları
fonunda Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı
təkliflərini çatdırıb. Məqsəd bölgədə dayanıqlı sülhün və
təhlükəsizliyin təmin olunması və yeni əməkdaşlıq formatlarının
yaradılması prosesinin sürətləndirilməsidir. Diqqət yetirsək
görərik ki, son zamanlar dünya gücləri Azərbaycanla əlaqələrin
inkişafında maraqlı olmaqla yanaşı, bu istəklərini regionda
dayanıqlı sülhə töhfələr verməyə səy göstərməklə ifadə edirlər.
Məsələyə bu kontekstdən yanaşdıqda Moskva, Soçi, həmçinin Brüssel
görüşləri günümüzün reallıqlarının aydın mənzərəsini yaradır.
Dayanıqlı sülhə töhfə vermək prosesində bu görüşlərlə bərabər,
imzalanan sənədlər də öz əhəmiyyətli rolunu oynamaqdadır. Xüsusi
vurğulamaq lazımdır ki, Moskva Bəyannaməsinin bütün müddəaları
Azərbaycanın milli maraqlarına uyğundur. Hər iki ölkə müttəfiqlik
fəaliyyətini biri-birinin müstəqilliyinə, dövlət suverenliyinə,
ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət,
bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə
hədələməmək prinsipləri üzərində qurulması, müttəfiqlik
münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə
qarşı yönəlmiş hərəkətlərdən çəkinmək, öz ərazisində hər hansı bir
təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və
ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa
dair öhdəlik götürürlər.”

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Bəyannamədə Qafqaz regionu
və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində
qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur və bu xüsusda Xəzər
dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş
bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir: “Azərbaycan
dövləti daim Xəzərin dostluq, əməkdaşlıq dənizi olmasına çağırışlar
edib. Təbii ki, bu da dövlətimizin xarici siyasətinin dəyişməz olan
prinsiplərinə əsaslanır.”

“Türkiyə ilə imzalanmış Şuşa Bəyannamasi kimi, Rusiya ilə
imzalanmış Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə,
müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir” söyləyən YAP
Xətai rayon təşkilatının sədri bildirib ki, 44 günlük Vətən
müharibəsində Qələbəmizdən sonra Cənubi Qafqazda formalaşmış yeni
siyasi mühitin əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu
mənada, Azərbaycanın hər iki ölkə ilə müttəfiqlik bəyannamələrini
imzalaması bu yeni siyasi mühiti rəsmən təsbit edir. Türkiyə ilə
Şuşa Bəyannaməsinin, Rusiya ilə Moskva Bəyannaməsinin
imzalanmasından sonra Azərbaycan bu ilin birinci yarısında Avropa
İttifaqı (Aİ) ilə də ikitərəfli saziş üzrə danışıqları bitirmək və
sazişi imzalamaq niyyətindədir. Bu məqsədlə mart ayında Bakıda
Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik
dialoqu keçiriləcək. Ötən ilin dekabrında Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və
Ermənistanın baş nazirinin Brüsseldə görüşü qurumun ölkəmizlə
münasibətlərinin hazırkı səviyyəsinə işıq saldı. Bu görüşlərin
ardınca bu il fevralın 4-də Fransa Respublikasının Prezidenti
Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi
qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri
Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirildi. Bu
görüş Brüssel sülh gündəliyinin davamı kimi dəyərləndirildi.”

Vüqar Rəhimzadə aparılan təhlillərə söykənərək bu fikri xüsusi
qeyd edib ki, dünyanın bütün güc mərkəzləri və qonşu ölkələrlə
yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin
prioritet hesab etdiyi sahələrdəndir: “Azərbaycan iki qüdrətli
qonşusu – Türkiyə və Rusiya ilə müttəfiq olur, Aİ ilə saziş
imzalamağa hazırlaşır. Regionda və dünyada gedən proseslər fonunda
Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, dünyanın bütün
güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət
qazanıb. Bu isə Azərbaycanın diplomatiyasının uğurudur. BMT
Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, həmçinin artıq
tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik
missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk
qrupunun həmsədr ölkələrindən biri kimi Rusiyanın Azərbaycan ilə
münasibətlərinin yüksələn xətlə inkişafı, ölkələrimiz arasında
müttəfiqlik Bəyannaməsinin imzalanması postmünaqişə dövrünün
reallıqlarının qəbul edilməsində də əhəmiyyətli rol oynayacaq. Bu
baxımdan imzalanan Bəyannamə Ermənistana böyük zərbədir. Bugünədək
dünyanın ikili standartlara əsaslanan siyasətindən bəhrələnən
işğalçı Ermənistan artıq dünya güclərinin Azərbaycanın ədalətli və
haqlı mövqeyini dəstəkləmələrinin şahididir. Ermənistanın sülh
müqaviləsini imzalayıb yeni reallıqların diktə etdiyi gerçəklikləri
qəbul etməkdən başqa yolu yoxdur.”

Teqlər: