“Fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və
Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya
Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında”
Bəyannamə imzalayıblar.
Birmənalı olaraq qeyd etmək lazımdır ki, bu sənədin imzalanması
Prezident İlham Əliyevin milli maraqlarımızın qorunması
istiqamətində atdığı növbəti vacib və son dərəcə uğurlu addımdır.
Azərbaycan üçün qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsi
də xüsusi əhəmiyyət kəsb edən istiqamətdir. Məhz buna görə də
Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici
siyasət kursunda bu məsələ prioritet kimi müəyyən edilib”.
Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası
Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili
qeyd edib ki, 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti
İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğann imzaladığı
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında
müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş
ölkənin müttəfiqliyini daha yüksək səviyyəyə daşıdı. Sənəd hər iki
ölkənin parlamentində ratifikasiya olunub, dövlət rəhbərləri
tərəfindən təsdiqlənib. Türkiyə ilə Azərbaycan arasında
münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən bəyannamə ilə
Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib.”
Rusiya ilə əlaqələrimizin tarixi köklərə malik olduğunu
vurğulayan millət vəkili belə bir məqamı da xüsusi olaraq qeyd edib
ki, Rusiya ilə imzalanan müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə
Vətən müharibəsindən sonra bölgədə yaranmış reallıqların tam qəbul
edilməsi baxımından da böyük əhəmiyyət kəsb edir: “Rusiya ilə
Azərbaycan arasında humanitar, mədəni, iqtisadi, siyasi-hərbi və
bütün digər sahələrdə çoxşaxəli əməkdaşlıq əlaqələri qurulub.
Əlbəttə ki, bu əməkdaşlıqda iki ölkə lideri arasındakı qarşılıqlı
hörmət və etimada əsaslanan dostluq münasibətləri də mühüm rol
oynayır. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin
yaranmasının 30 illiyi tamam olur. Hazırda ölkələrimiz arasında
siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb. Eyni zamanda, əmtəə
dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və 16 faiz artıb.
Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu
məktəblərdə 140 mindən çox şagird təhsil alır. Ölkəmizdə 15 mindən
çox tələbə ali məktəblərin rus dili bölmələrində oxuyur. Rus dili
keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə,
rus dilini bilmədən gələcək nəsillərin əlaqələrini nizamlamaq çox
çətin olar.
Digər tərəfdən isə, belə bir məqamı da nəzərə almaq lazımdır ki,
Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni regional nizam
formalaşır və bu nizamın əsas oyunçuları Azərbaycan, Türkiyə və
Rusiyadır. Türkiyə ilə müttəfiqlik bəyannaməsi imzalayan Azərbaycan
eyni tipli bəyannaməni Rusiya ilə də imzalamaqla bölgədəki yeni
konfiqurasiyanı möhkəmləndirmiş oldu. Bu, həm də müharibədə əldə
etdiyimiz qələbənin siyasi-diplomatik cəbhədə daha da
möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın
tam olaraq qəbul edilməsi baxımından son dərəcə əhəmiyyətlidir.
Bəyannaməsinin əsas postulatı ondan ibarətdir ki, hər iki ölkə
müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət
suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına
qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq,
qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək
prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər.
K.Qafarovun fikrincə, ən vacib məqamlardan biri də budur ki,
Moskva Bəyannaməsində keçmiş münaqişəyə son qoymuş 10 noyabr
2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci
il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların
müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bu,
xüsusilə əhəmiyyətlidir.