Moskva Bəyannaməsi Azərbaycanın növbəti diplomatik uğurudur – Tamam Cəfərova

Moskva Bəyannaməsi Azərbaycanın Rusiya ilə qarşılıqlı
əlaqələrini müttəfiqlik səviyyəsinə qaldırır və Azərbaycanın
maraqlarına cavab verir. Bəyannamə tərəflər arasında bərabərhüquqlu
münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki
tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu
öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə
qarşı mübarizə, bir birinin daxili işlərinə qarışmamaq və digər
məsələləri əhatə edir.

Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi kimi, Rusiya ilə Moskva
bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və
təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə,
təhlükəsizliyinə əlavə zəmanət qazanır.”

Bunu AzerTimes-a Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

İmzalanmış Bəyannamə Azərbaycana yeni imkanlar qazandırır və
Azərbaycanı daha da gücləndirir. Vətən müharibəsində əldə etdiyimiz
zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam,
konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları
Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə
müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı
rəsmən təsbit edir. Qazandığımız hərbi zəfərin siyasi-diplomatik
cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı
yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir.
Hər iki bəyannamə bu məqsədə xidmət edir. Sürətlə dəyişən,
təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə
münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli
təhlükəsizliyinin qorunmasını təmin edir. Türkiyə və Rusiya ilə
müttəfiq olmaq, habelə yaxın zamanlarda Avropa İttifaqı ilə
ikitərəfli sazişin imzalanması perspektivi peşəkar diplomatiya,
habelə siyasi iradə, güc və müvafiq bacarıqların təzahürüdür.

Deputat açıqlamasında bildirib ki, Rusiya ilə ölkəmizin yüksək
səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı
hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Bu il
ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 30
illiyi tamam olur. Ötən müddət ərzində iki ölkə arasında strateji
tərəfdaşlığın mahiyyətini müəyyən edən sənədlər imzalanmışdır.
Hazırda ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək
səviyyəyə çatıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü
ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən
biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar,
iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı
yaşayır və işləyir.

Tamam Cəfərova bildirib ki, 90-cı illərin əvvəllərində
Azərbaycanın Rusiya ilə münasibətlərində bir çox problemlər
müşahidə olunurdu. Bu o cümlədən, Ümummilli lider Heydər Əliyevdən
əvvəl hakimiyyətdə olmuş qüvvələrin xarici siyasət istiqamətində
buraxdığı səhvlərlə əlaqədar idi. Lakin Azərbaycanda Heydər Əliyev
timsalında praqmatik siyasətçinin hakimiyyətə gəlməsi Azərbaycanın
Rusiya ilə münasibətlərinə müsbət istiqamətdə güclü impuls verdi.
2000-ci ildə V. Putinin Rusiya prezidenti seçilməsi isə bu
münasibətlərin daha intensivliklə inkişafına şərait yaratdı. Rusiya
Azərbaycanın şimal qonşusu və vacib iqtisadi tərəfdaşıdır. O
cümlədən Rusiya Azərbaycanın siyasi rəqibi Ermənistanın
siyasi-hərbi müttəfiqidir. Azərbaycan Rusiya ilə münasibətlərini
inkişaf etdirməli və Cənubi Qafqazda mövcud ittifaqlar sistemini öz
xeyrinə dəyişməlidir. Bu siyasətin empirik dəlillərini biz
Ümummilli lider Heydər Əliyevin və müzəffər Prezident İlham
Əliyevin xarici siyasətində müşahidə edə bilərik. Azərbaycan
rəhbərlərinin məntiqi siyasəti Rusiyanın Ermənistana marağını
zəiflədib, Azərbaycanla münasibətlərini inkişaf etdirməyə
yönəlmişdi. Rusiya rəhbərliyi hətta bu müqavilədən çox əvvəl
Azərbaycanın Rusiya üçün əhəmiyyətini dəfələrlə qeyd etmişdir.
Ermənistanla Rusiya arasında hərbi-siyasi sahədə 200-ə yaxın saziş
imzalansa da, II Qarabağ müharibəsi zamanı Rusiya Azərbaycanın
ərazi bütövlüyünü dəstəklədi, müharibədən sonra sərhəd zonasında
yaranan gərginlik vaxtlarında isə İrəvanın rəsmi müraciətlərinə
rəğmən birbaşa və ya KTMT səviyyəsində Azərbaycana təzyiq
göstərmədi. Bütün bu faktlar Azərbaycanın Moskva bəyannaməsinə
qədər Rusiya ilə münqasibətlərinin praktiki faydalarını
göstərir.

Tamam Cəfərova fikirlərinin davamı olaraq qeyd etdi ki, bu
nöqteyi-nəzərdən Moskva Bəyannaməsi xüsusi əhəmiyyətə malikdir.
Moskva Bəyannaməsi Azərbaycan və Rusiya arasında münasibətləri yeni
– müttəfiqlik səviyyəsinə qaldıracaqdır. Burda Azərbaycana bu
müttəfiqliyin nə dərəcədə zəruri olması, Moskva Bəyannaməsinin Şuşa
bəyannaməsi ilə qarşılıqlı əlaqəsi və Rusiya-Azərbaycan arasında
müttəfiqliyin nə dərəcədə bərabərhüquqlu olması haqqında
qanunauyğun suallar formalaşır.

Zənnimizcə sonuncu sualdan başlamaq daha məntiqəuyğundur.
Bəyannamənin preambula hissəsində, “iki ölkənin qarşılıqlı hörmət
və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu
əməkdaşlığının genişləndirilməsinə dönməz sadiqlikləri” ifadə
edilir. Bu hissə Azərbaycan və Rusiyanın iqtisadi, siyasi, hərbi
imkanlarının nəzərəçarpan dərəcədə fərqlənməsinə rəğmən
bərəbərhüquqlu əməkdaşlığı özündə ehtiva edir. Azərbaycanın
dünyanın ikinci hərbi qüvvəsi ilə müttəfiqlik səviyyəsində
bərabərhüquqlu əlaqə qurması bizim siyasi kapitalımızın və
nüfuzumuzun artmasına şərait yaradır.

Cari bəyannamənin qardaş Türkiyə ilə imzalanan Şuşa bəyannaməsi
ilə qarşılıqlı əlaqədə təhlil etmək məqsədilə bəyannamənin 16-cı
bəndinə nəzər yetirmək vacibdir. Bəyannaməyə görə, “təhlükəsizliyin
təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə
Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT
Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və
Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə
almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə
bilərlər”. Müşahidə etdiyimiz kimi 16-cı bənd bizim Şuşa
bəyannaməsi ilə bağlı suala birbaşa cavab verir. Azərbaycan və
Rusiyanın Bəyannamədə razılaşdırdıqları qərara görə cari müqavilə
dövlətlərin digər müqavilələrlə öz üzərinə götürdüyü öhdəliklərə
ziddiyyət təşkil etmir. Başqa sözlə desək Moskva Bəyannaməsi Şuşa
Bəyannaməsini istisna etmir, onun əhəmiyyətinə xələl gətirmir.
Beləliklə, əgər Şuşa bəyannaməsi ilə Azərbaycan NATO-da ABŞ-dan
sonra ikinci güclü orduya malik Türkiyə ilə siyasi-hərbi
müttəfiqlik qurmuşdursa, Moskva Bəyannaməsi ilə biz qlobal miqyasda
qüdrətinə görə ikinci yerdə duran Rusiya ilə müttəfiqlik əlaqəsi
yaratmışıq.

Tamam Cəfərova qeyd edib ki, qonşu ölkələrlə yüksək səviyyəli
münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab
etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər
qazanılmasında bu amil böyük rol oynayıb. Azərbaycanın qonşu
Gürcüstan və İranla münasibətləri yüksək səviyyədədir. Məsələyə həm
də regional aspektdən nəzər yetirək. Bildiyimiz kimi, Azərbaycanın
İran, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyə ilə quru sərhədləri
var. Şuşa Bəyannaməsi bizim Türkiyə ilə, Moskva bəyannaməsi isə
Rusiya ilə münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırır.
Gürcüstan ilə çoxlu sayda birgə həyata keçirilən strateji regional
layihələri nəzərə alsaq, Tiflis ilə də münasibətlərimizi strateji
tərəfdaşlıq kimi nəzərdən keçirtmək olar. İran prezidentinin bu
yaxınlarda sərhəd bölgələrə səfər edib, Azərbaycandan keçəcək
Şimal-Cənub marşrutu çərçivəsində dəmiryolunun vəziyyəti ilə tanış
olmasını, İran ərazisindən Türkmənistan qazının nəql edilməsini
nəzərə alıb, İran ilə münasibətlərin strateji tərəfdaşlıq
istiqamətində inkişaf etdiyi qənaətinə gələ bilərik. Belə şəraitdə
Azərbaycanın regional rəqibi Ermənistan, Azərbaycanın müttəfiq,
strateji tərəfdaş və vacib tərəfdaşlarının əhatəsində qalmış olur.
Bu fakt Ermənistanın daxili və xarici siyasətinə təsirsiz ötüşə
bilməz. Ermənistan mətbuatına diqqət yetirsək, bir çox dairələr
Moskva Bəyannaməsinin yaradacağı geosiyasi reallıqdan artıq
vahiməyə düşüb. Ümid etmək olar ki, bu fakt Ermənistanın
konstruktiv istiqamətdə addımlanmasına stimul verib, Azərbaycanla
qarşılıqlı sürətdə ərazi bütövlüyünün tanınması əsasında sülh
müqaviləsi imzalanmasını şərtləndirəcək. Moskva Bəyannaməsinin
müvafiq 9 və 10-cu bəndləri bu məsələyə xüsusi toxunur: “9. Rusiya
və Azərbaycan regionda sabitlik təhlükəsizliyin möhkəmləndirilməsi,
bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və
…(Ermənistanla) münasibətlərin normallaşdırılması üçün əsas kimi
çıxış etmiş …bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə
səylərə …dəstək verəcəklər; 10. Tərəflər … qarşılıqlı fəaliyyət
göstərəcək və region dövlətləri arasında uzunmüddətli sülhün
yaradılması üzrə regional və beynəlxalq səviyyələrdə sıx əməkdaşlıq
edəcəklər”.

Gördüyümüz kimi Azərbaycan rəhbərliyinin xarici siyasət
sahəsində atdığı hər bir addım milli maraqlara əsaslanaraq, digər
məsələlərlə qarşılıqlı koordinasiya və balanslaşdırılmış şəkildə
həyata keçirilir.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması
yollarının axtarışında Rusiya bizim əsas tərəfdaşımızdır. Bunun
üçün imkanlar var. Azərbaycan sülh müqaviləsi üzərində işə
başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Azərbaycana müharibə
lazım deyil. Ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi
tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi
metodlarla həll etməyə Azərbaycan hazırdır. Rusiya və Azərbaycan
birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya
məkanında əməkdaşlığın möhkəmləndirilməsi işində böyük nailiyyətlər
əldə olunacaqdır.

Teqlər: