Moskva Bəyannaməsi Azərbaycan və Rusiya arasında hərbi
əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır.
Bunu AzerTimes-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvələr
Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert,
polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, 22
fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti
İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində iki
dövlət başçısı tərəfindən imzalanan “Rusiya Federasiyası və
Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamə” dövlətimizin maraqlarına tam cavab verir:
“Bu Bəyannamə Azərbaycan və Rusiyanın strateji müttəfiq
olduqlarını bir daha təsdiqləyir, müttəfiqlik münasibətlərinin
inkişafı üçün yeni imkanlar açır. Bəyannamənin 12-16-cı bəndlərində
ikitərəfli hərbi əməkdaşlığın genişlənməsi məsələləri öz əksini
tapır. Hansı ki, Azərbaycanın şimal qonşusu olan və dünyanın hərbi
baxımdan ən güclü dövlətlərindən biri sayılan Rusiya ilə belə bir
müqavilənin imzalanması Azərbaycanın hərbi maraqlarına tam cavab
verir”.
Polkovnik qeyd edib ki, Bəyannamə Rusiya və Azərbaycan orduları
arasında birgə təlimlərin keçirilməsini, hərbi əməkdaşlığın
dərinləşdirilməsini nəzərdə tutur:
“Bildiyiniz kimi, Azərbaycan hərbi sahədə dünyanın bir sıra
dövlətləri, o cümlədən Rusiya ilə əməkdaşlıq edir. Xəzər dənizində
mütəmadi şəkildə birgə təlimlərin keçirilməsi, iki dövlətin güc
strukturları arasında möcud olan birgə əməkdaşlıq buna nümunədir.
Bu baxımdan Moskva Bəyannaməsinin 13-cü bəndi xüsusi əhəmiyyət kəsb
edir. Həmin bənddə qeyd edilir ki, “tərəflər Rusiya Federasiyasının
və Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında əməliyyat
və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil
olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli
hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər”.
Bəyannamədə birgə hərbi məhsulların istehsalı da öz əksini
tapıb. Moskva Bəyannaməsinin 14 və 15-ci bəndləri bu baxımdan
xüsusi əhəmiyyət kəsb edir. Həmin bəndlərdə Azərbaycan və Rusiya
Silahlı Qüvvələrinin modern silahlarla təmin edilməsi, habelə
silahlar və hərbi texnika üçün texniki xidmət, təmir,
müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də
hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının
təşkil edilməsinin önəmi qeyd edilir. Bu isə o deməkdir ki, yaxın
gələcəkdə hər iki dövlətin hərbi istehsal sahədə birgə
əməkdaşlığına şahid ola bilərik”.
Cəlil Xəlilovun sözlərinə görə, Moskva Bəyannaməsində terrorizmə
qarşı birgə mübarizənin təşkili məsələsi də öz əksini tapıb ki, bu
da regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə
malikdir:
“Bəyannamənin 18-ci bəndi hər iki dövlətin beynəlxalq terrorizmə
qarşı birgə mübarizəsi baxımından mühüm əhəmiyyətə malikdir. Həmin
bənddə qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan
Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq
təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların,
narkotik vasitələrin və onların prekursorlarının qanunsuz
dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya
texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni
təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların
neytrallaşdırılmasında səylərini birləşdirirlər”. Bu, tarixən
erməni terrorizmindən əziyyət çəkən, terrora qarşı mübarizədə hər
zaman qətiyyətli mövqe sərgiləyən, 44 günlük Vətən müharibəsində
erməni faşizmini məğlub etməklə terrorizmə qarşı mübarizəyə böyük
töhfə verən dövlətimizin maraqlarına tamamilə uyğundur.
Hesab edirəm ki, bu Bəyannamə iki dövlətin xüsusi xidmət
orqanları arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı məlumat
mübadiləsi prosesinin daha da optimallaşmasına da öz müsbət
təsirini göstərəcək ki, bu da regionun təhlükəsizliyinin etibarlı
şəkildə təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Onu da qeyd edim ki, Moskva Bəyannaməsi beynəlxalq qanun və
konvensiyalara tamamilə uyğundur və hər hansı üçüncü dövlət üçün
heç bir təhdid təşkil etmir”.