Monteneqro ilə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var – Ceyhun Bayramov

Monteneqro ilə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bunu 2021-ci ilin 11 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov Monteneqronun ölkəmizə yeni təyin edilmiş qeyri-rezident səfiri Perişa Kastratoviçi qəbul edərkən deydi.

Nazir Ceyhun Bayramov Perişa Kastratoviçi salamladı, ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Nazir Ceyhun Bayramov Azərbaycan və Monteneqro arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətləri məmnunluqla qeyd etdi. Ölkələrimiz arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlıq qeyd edildi. İkitərəfli əməkdaşlığın gələcəkdə genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulandı.

Nazir, həmçinin səfir Perişa Kastratoviçə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, Azərbaycan tərəfindən bu xüsusda atılan addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumat verdi. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması imkanının yarandığı qeyd olundu.

Səfir Perişa Kastratoviç ölkəsinin Azərbaycan ilə münasibətlərə əhəmiyyət verdiyini vurğuladı.

Tərəflər ikitərəfli münasibətlərin enerji, turizm, humanitar və digər sahələrdə inkişafı, qarşılıqlı səfərlərin həyata keçirilməsi, siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi apardı.

Teqlər: