Xəbər - Elçin Mehdiyev – Trend:
Dünyanın ekologiya və ətraf mühit məsələlərindən bəhs edən məhşur “Mongabay” saytı Ermənistanın Oxçuçayı çirkləndirməsi ilə bağlı geniş məqalə dərc edib.
AzerTimes-ın məlumatına görə, məqalədə Oxçuçayın Azərbaycan üçün təhlükəyə çevrildiyi qeyd olunub.
Bildirilir ki, Oxçuçay mənbəyini Ermənistan ərazisindən götürür, mədən sənayesi üçün zəngin torpaqlardan keçərək Azərbaycana axır və burada əsas suvarma sistemlərindən birini çirkləndirərək kövrək bir ekosistemi təhdid edir. Beynəlxalq hüquqa əsasən, sərhədlərarası çirklənmə getdikcə mübahisəli bir mövzu halına gəlir.
Məqalədə Alman şirkətinin də Oxçuçayın çirkləndirilməsində rolu olduğu qeyd olunur. Sərhədin digər tərəfində mədən yataqları ilə zəngin dağ bölgəsi olan Syunik yerləşir. Bura, Ermənistanda ən böyük Alman qrupu olan “Cronimet”-ə məxsus Kajaran mədəninin yerləşdiyi yerdir. Bu mədən Ermənistanın mədənçilik gəlirlərinin 60% -dən çoxunu təşkil edir.
Məqalədə həmçinin vurğulanır ki, hətta Dünya Bankı da Ermənistanda mədən sənayesinin ətraf mühiti çirkləndirməsi ilə bağlı narahatlığını ifadə edib.
Dünya Bankı Ermənistan üçün mədən-davamlılıq qiymətləndirməsi aparan zaman ətraf mühiti qorumaq üçün lazımi yoxlama və ya tullantıların idarə olunması sistemləri müəyyən etdi. Eyni zamanda, Bank təcili strateji müdaxilələrin edilməsinə çağırdı, lakin mədənçiliyin ekoloji risklərini həll etmək üçün Ermənistanda “təcrübə və bilik çatışmazlığı” olduğunu qeyd etdi.