Molla rejimi qadınlardan qisas alır – Rəhmanifər

Molla rejimi qadınlardan qisas alır – Rəhmanifər

İranda Beynəlxalq Qadınlar Günü rəsmi olaraq qeyd olunmur. Eyni ilə Dünya Ana Dili Günü də rəsmən tanınmır. İranda Qadınlar Günü Fatmeyi-Zəhranın anadan olduğu gün hesab olunur. Onu da qadınlar yox, Ana Günü deyə qeyd edirlər. Molla rejimi ilə qadın məsələsi bir-birinə uyğun gəlmir.

Bu sözləri AzerTimes-a Güney azərbaycanlı araşdırmaçı-yazar Məhəmməd Rəhmanifər İranda qadın haqlarından danışarkən deyib.

Bildirib ki, dünyanın bayram kimi qeyd etdiyi bu gündən iranlı xanımlar, özəlliklə, Güney azərbaycanlı qadınlar məhrumdur:

“Qadınların durumu son günlər hamıya məlumdur. Bir baş örtüyünə görə gənc bir qızı öldürdülər. Onun ardından ölkədə neçə aydır etirazlara şahid oluruq. Neçə-neçə gənc, hətta məktəbli qız öldürüldü. Son bir neçə ayda isə məktəbli qızların zəhərlənməsi məsələsi gündəmə gəlib. Bu kütləvi və sistematik şəkildə baş verdiyindən dövlətin bu işdə əlinin olmasına şübhələri artırır. Hərçənd, dövlətin vəzifəsi günahkarları tapıb, cəzalandırmaqdır. Zəhərlənmə hadisəsi hələ də davam edir. Əlimizdə başqa faktlar da var ki, bu hadisə dövlətin öz içindən təşkil edilir. Qadınlardan intiqam alırlar. Çünki bu etirazlar qadın məsələlərinə görə başlamışdı. Mollalardan ibarət böyük kəsim qadınların məktəbə getməsinə, topluma qarışmasına müxalifdirlər”.

Onun sözləri görə, İranda yaşayan Güney azərbaycanlı xanımlar daha çox əziyyət çəkir:

“Güney Azərbaycan qadınlarının fars qadınları ilə müqayisədə ikiqat zülmə məruz qaldığını deyə bilərik. Say baxımından azlıq olmasaq da, hüquqi və siyasi baxımdan azlıq hesab olunuruq. İşsizlik səviyyəsi yüksək olan bir yerdə qadınlar da zərbə görür, əziyyət çəkir. Bu, onların yaşamına da təsir edir. Urmu gölünün quruması da problemlərə yol açır. İnsanlar o bölgədən köçmək məcburiyyətində qalırlar. Bundan da xanımlar əziyyət çəkməli olur. Bu gün Güney Azərbaycan qadınlarının dözdüyü bəzi zülmlərə bir fars qadını qatlaşmır”.

Rəhmanifər onu da vurğulayıb ki, qadınların durumu çox acınacaqlıdır və onlar bundan qurtulmalıdırlar:

“Qurtulmaq üçün isə mübarizənin ön sıralarında dayanmalıdırlar. Qadınlarla bərabər kişilərin də mübarizəyə qoşulması şərtdir. Onların yanında olub, dəstək verməlidirlər. İran elə bir ölkədir ki, 44 ildir böyük gərginlik, etiraz və aksiyalarla üzləşir. Bu günə kimi də hamısını yatırmağı bacarıb. Bu ölkə iqtisadiyyatı, insanların məişətini özbaşına buraxıb. Bu anlama gəlir ki, onlarla – Güneylə maraqlanmır. Özbaşına buraxmadığı tək şey rejimdir. Onu hər cür zərbələrdən qoruyur. Bu etirazlarda da rejim həm psixoloji, həm də sərt güc istifadə edərək, rəhm göstərmədi. Etirazları şiddət göstərərək yatırdı. Basqıların bir həddə kimi, qismən də olsa təsiri oldu. Amma bu etirazlar tam olaraq səngiməyib. Nə qədər ki, mövcud rejim və haqsızlıqlar var, bu etirazlar da davam edəcək. Bir gün bunlar nəticə verəcək”.

Rəhmanifər Güney Azərbaycanda yaşayan qadınların öz hüquq və azadlıqlarına mütləq qovuşacağına ümid etdiyini diqqətə çatdırıb:

“Mən şəxsən inanıram ki, bu mübarizənin bir nəticəsi olacaq. Güney Azərbaycan öz müstəqilliyini qazanacaq və bizim qadınlarımız da dünyanın bir parçası olaraq Beynəlxalq Qadınlar Gününü qeyd edəcəklər. Arzulayırıq ki, qadınların yaşam tərzi yaxşılaşsın və bu durumdan qurtulsunlar. Bir toplumun ki, qadınları azad yaşamır, o cəmiyyətə əsir toplum deyilməlidir. Biz də toplumun bütünlükdə azadlığını istəyirik”, -deyə o bildirib.

Teqlər: