İran adlanan ölkədə 4 aydan çoxdur xalqın kütləvi etirazları davam edir. Arada səngisə də, etiraz dalğası yenidən başlayıb. Bu, rejimin sonunu gətirməyənə kimi davam edəcək.
Bu sözləri AzerTimes-a Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlı İranda son günlər yenidən alovlanan etirazlar haqqında danışarkən deyib.
Etirazlarda diqqət çəkən məqamlardan söz açan Ağrı Qaradağlı nümayişçilərə qarşı rejimin özünəxas sərt cəza tədbirlərini tətbiq etdiyini bildirib:
“Rejim bu etirazları yatırmaq və onları cəzalandırmaq üçün özünəməxsus qaydalar düşünüb. Odlu silahlarla, bəzən ov silahları ilə dinc əhaliyə atəş açır. Əsasən, üz nayihəsini və gözlərini nişan alırlar. Əvvəlki etirazlarda iştirak edən məktəbliləri və qız tələbələrini kimyəvi qazla zəhərləməyə çalışırlar. Bu da bir növ cəzalandırma və intiqamalma üsullarından biridir. Bu tədbirlərlə onlar çirkin siyasətlərini və iyrənc oyunlarını bir daha ortaya qoydular. Bir ölkənin gələcəyi olan gənclər belə amansızlıqla cəzalanırsa, deməli, ölkəni məhv etməyə çalışırlar”.
Ağrı Qaradağlı sərt cəza tədbirlərinə baxmaraq, etirazların müsbət nəticə verəcəyini və narazı təbəqənin öz istədiyini əldə edəcəyini düşünür:
“İnsanlar fars-molla rejiminin əsl üzünü gördü. Bundan çəkinməyən millət öz haqlarını tələb etməkdə israrlıdır. İran-fars rejimi elə bir rejimdir ki, özünə qarşı təhlükə hiss edərsə, özünə yaxın şəxsləri bir şəhərə yığıb, digər yerləri kimyəvi silahla məhv edər. Etirazlarçılar belə bir rejimin getməsini, tam bir bərabərlik yaranmasını istəyirlər. Oradakı etirazçılara nə şeyx lazımdır, nə də şah. Onlar xalqların haqlarının bərpasını istəyirlər”.