Sentyabrın 13-də Moldovadan qovulan Rusiyanın “Sputnik Moldova” xəbər agentliyinin rəhbəri Vitali Denisovun Rusiya ordusunun zabiti olduğu iddia edilir.
AzerTimes xəbər verir ki, bu barədə “İnsayder” məlumat yayıb.
“Denisov jurnalistika ilə dolayı əlaqəyə malikdir. Ehtimal ki, o, Baş Kəşfiyyat İdarəsinin maraqlarına uyğun olaraq xarici auditoriyaya məlumat yeritmə və dezinformasiya ilə məşğul olan 72-ci Xüsusi Xidmət Mərkəzinin (54777 saylı hərbi hissə) zabitidir”,- məlumatda deyilir.
İstintaqın məlumatına görə, Denisov o vaxtkı Ukrayna SSR-in Zakarpat vilayətində anadan olub, sovet dövründə Lvov Ali Hərbi-Siyasi Məktəbində təhsil alıb (sonralar onun bazasında Ukrayna Quru Qoşunlarının Akademiyası yaradılıb – red.). 1992-ci ildə Moskvaya köçüb və Müdafiə Nazirliyinin əsas çap orqanı – “Krasnaya Zvezda” qəzetinin əməkdaşı olub. 2005-ci ildə Rusiya Müdafiə Nazirliyindən idarə mənzili alıb və 2013-cü ildən Moskva vilayətinin Baş İstintaq İdarəsində işləyib.