Xəbər - Çingiz Səfərli – Trend:
“Mobil notariat” tətbiqindən istifadənin daha rahat həyata keçirilməsi üçün qeydiyyat proseduru sadələşdirilib və xidmətlərin sayı artırılıb.
Bu barədə AzerTimes-a Ədliyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, artıq Azərbaycan Respublikasının vətəndaşları olduqları yerdən aslı olmayaraq, videoyazı vasitəsilə müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Bundan başqa, “Mobil notariat”ın funksionallığının artırılması üzrə işlər davam etdirilərək, mobil telefon vasitəsilə müxtəlif qurumlarda, o cümlədən dövlət orqanları, idarə, təşkilat və müəssisələrdə, hüquqi şəxslərdə, kommunal xidmət göstərən qurumlarda, mobil operatorlarda təmsilçiliyə dair etibarnamələrin verilməsi imkanı yaradılıb.
Eyni zamanda, vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün digər şəxslərə bununla bağlı işlərin aparılması səlahiyyətini verən etibarnamələr də əlavə edilib.
“Mobil notariat” tətbiqi üzərindən daşınmaz əmlaka sərəncam verilməsinə dair ərin-arvadın və həmin ünvanda qeydiyyatda olan şəxslərin razılıq ərizələrinin elektron qaydada rəsmiləşdirilməsi mümkündür.
Qeyd edək ki, “Mobil notariat” tətbiqi 2019-cu ildə istifadəyə verilib.