MN-də mənimsəmə: Rəis dedi ki, yarısını versin…

MN-də mənimsəmə: Rəis dedi ki, yarısını versin…

Müdafiə Nazirliyinin (MN) Hərbi Polis idarəsinin, həmçinin bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş və 1 milyon 900 min manat mənimsəmədə təqsirləndirilən Sadiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AzerTimes xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs və şahidlər ifadə verib.

Müttəhim Sadiq Hacıyev məhkəmə iclasında özünü qismən təsirli bilib. O, deyib ki, maliyyə hesablamalarında səhv var. Bu barədə istintaqda da bildirib. Onun sözlərinə görə, xidmət etdiyi hərbi hissədə maliyyə yoxlamasının qeyd etdiyi rəqəmlərdə də səhv var imiş. Arxiv sənədlər məhv olduğu üçün bunu sübut edə bilməyib.

“Hərbi hissədə kartlar var idi. Pulları həmin kartlara vuraraq nağdlaşdırıb ələ keçirirdik. Pulların 70 faizini korpusun maliyyə xidmət rəisi Rövşən Əliyevə verirdim. R.Əliyev deyirdi ki, bu qədər artıq yaz, biz də yazırdıq. Bunlar barədə MN-in maliyyə-büdcə idarəsinin də xəbəri var idi. Birinci təftişə Rüfət Quliyev gəlmişdi. O, heç bir sənədə baxmırdı. Pulu Rövşən Əliyev bölürdü və ondan da 30 faizi mənə qalırdı, həmin puldan hərbi hissənin müəyyən xərclərinə də ayırırdım. İşlədiyim hərbi hissələrin birində 200 min manata qədər çatışmazlıq var idi. Hərbi Polis İdarəsində də eyni qayda ilə işləyirdik. İdarəyə təftişə Səfər Şıxəliyev gəlmişdi. Ona 45 min manat pul vermişdim. Hərbi Polis İdarəsində müəyyən olunan 772 min manat çatışmazlıqdan 90 min manatını xüsusi tapşırıqla vermişdim”, – o, bildirib.

S.Hacıyev istintaqda bildirib ki, mənimsənilən pullardan 20 faizi təminata, 40 faizi təftişə, qalanı da özlərinə qalıb.

Şahid Süleyman Abbasovun sözlərinə görə, təftiş vaxtı MN-in maliyyə idarəsində maliyyələşmə şöbəsinin rəisi vəzifəsində işləyib. S.Hacıyevi xidmət vaxtı tanıyıb. Korpusun sabiq maliyyə xidmət rəisi Bayram Bayramovdan 520 min manat pul alaraq Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Nizami Məmmədova verib. Mənimsənilən pullardan 64 min 580 manatı ona qalıb. Müəyyən miqdarını ödəyib qalanını da ödəyəcək.

Nazirliyin Maliyyə və Büdcə idarəsində, eləcə də Mənzil-İstismar idarəsində işləmiş Həsən Paşayev deyib ki, təftişə gələndə 18 min manat çatışmazlıq aşkar olunmuşdu:

“Çatışmazlığı Rafael Xələfova məruzə etdim, o, dedi ki, heç olmasa yarısını versin. Mən də Sadiq Hacıyevdən 9 min manat alıb R.Xələfova verdim. O, bidirdi ki, çatışmayan məbləği sənədə qeyd etməyim”.

S.Hacıyev şahidin sözlərinə əlavə olaraq deyib ki, təftişçilər 18 min manat çatışmazlığı silmək üçün 9 min manat pul istəyib. Bu puldan korpusun maliyyə rəisinin xəbəri olmayıb.

Şahid S.Abbasov qeyd edib ki, onun dövlətə vurduğu ziyan 850 min manat məbləğində hesablanıb. Bu puldan müəyyən miqdarını ödəyib, qalanını da ödəyəcək.

Məhkəmə iclasında şahid qismində ifadə verən Səfər Şıxəliyev deyib ki, 2014-2019-cu ildə MN-in Nəzarət və Təftiş şöbəsində baş inspektor işləyib. Təftiş vaxtı 140 min manat pozuntu aşkar olunub. O, 47 min manat alaraq R.Xələfova verib.

“Hərbi Polis İdarəsində 150 min manat çatışmazlıq aşkar etmişdik. Bu barədə R.Xələfova məruzə edəndə dedi ki, məbləğin 30 faizini al gətir. Rəis dedi ki, təftiş sənədlərinə təmiz yaz, mən də yazdım”, – o bildirib.

Qeyd edək ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi və bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi olub. O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə 1 milyon 900 min manat mənimsəməkdə ittiham olunur.

Xatırladaq ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib.

Teqlər: