Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
AzerTimes xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Rəşad Məlikzadənin vəkili Vüqar Kazımov vəsatətlə çıxış edib. O bildirib ki, müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, əmlaklarını üzərinə həbs qoyulub.
Vəkil qeyd edib ki, Rəşad Məlikzadə istintaq zamanı 160 min manat dövlətə dəymiş ziyanı ödəyib: “İstintaq zamanı Rəşad Məlikzadənin həyat yoldaşı Şəms Məlikzadənin adına Ləhic bağlarında 5 kotej tipli evlərinin üzərinə həbs qoyulub. İstintaq zamanı həmin bağ evləri 684 min 240 manat qiymətləndirilib. Amma Rəşad Məlikzadə həbs olunamışdan əvvəl dövlətə dəymiş ziyanın ödənilməsi üçün həmin bağ evlərini satılması üçün müştəri ilə razılaşıblar, 40 min manat da beh alınaraq müqavilə bağlanıb. Həmin əmlakı 800 min manata razılaşırlar. Bu da istintaqın qiymətləndirilməsindən 120 min manat çoxdur. Biz ziyanın ödənilməsi məqsədilə həmin əmlakın üzərindən həbsin götürülməsini, əmlakın satışa çıxrılmasını istəyirik. Şəms Məlikzadə də buna etiraz etmir. Həmçinin Rəşad Məlikzadə müharibə veteranıdır. Bu da məsuliyyətinin yüngülləşdirilməsi üçün əsasdır”.
Vəkil daha sonra Rəşad Məlikzadənin cinayət işində olan video çəkilişə baxış keçirilməsini xahiş edib. Vəkil bildirib ki, Rəşad Məlikzadə həmin videoda 480 min manatın Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin vəzifəli şəxslərinə verməsi barədə danışığı olub.
Rəşad Məlikzadə özü də vəsatətlərin təmin olunmasını istəyib. Bildirib ki, həbs olunamışdan əvvəl həmin əmlakın satılması üçün bir nəfərlə razılığa gəlib: “Amma həmin şəxs Rusiyada olduğu üçün alqı-satqı bir qədər gecikdi. Buna görə də əmlakı satıb dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirə bilmədik”.
Prokuror isə vəsatətə münasibət bildirmək üçün vaxt istəyib. Məhkəmə prokurorun istəyini nəzərə alıb.
Növbəti proses mayın 29-da davam edəcək.