MM-də müzakirə: Ermənistanın hərbi xərclərini 70% artırması…

MM-də müzakirə: Ermənistanın hərbi xərclərini 70% artırması…

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, 2025-ci il dövlət büdcəsində neftin qiyməti 70 dollar götürülüb:

“Vaxtilə neftin büdcə qiyməti 25-30 dollar arasında olub. Yeni çağırışlar fonunda istifadə etmədiyimiz resurslar hesabına potensial riskləri neytrallaşdırmaq mümkündür. Hazırda Dövlət Neft Fondunun ehtiyatları 61,3 milyard dollar təşkil etməklə ölkəmizin güclü maliyyə dayaqlarına sahib olduğunu göstərir. Fond öz əsas missiyasını yerinə yetirməkdə davam edir”.

Azər Əmiraslanov qeyd edib ki, büdcə layihəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsi üçün cari illə müqayisədə 17,8 faiz çox vəsait proqnozlaşdırılır:

“Azərbaycan regionda sülh və sabitliyin qorunması missiyasını yerinə yetirir. Bu xərclərin artımı sərhədlərimizdən kənarda bəzilərini narahat edir. Onların əsassız fikirləri ilə bağlı bəzi məqamları qeyd edim. Müdafiə xərclərinin artırılması militarist siyasət həyata keçirmək anlamına gəlmir. Hərbi xərclərin artırılması digər sahələr üzrə xərc artımı fonunda baş verir. Ölkəmizin büdcə xərclərində ən yüksək pay heç də müdafiə xərclərinə aid deyil. Büdcənin hərbiləşdirilməsi meylləri məlum ölkə üçün xarakterikdir. İşsizlik səviyyəsi 12 %-ə çatan, 15 ildən çoxdur ki, kəskin demoqrafik böhran yaşayan Ermənistanda hərbi xərclərin təkcə 1 il ərzində 70%, yəni kəskin artırılması militarist büdcənin bariz nümunəsidir”.

Teqlər: