Xəbər - Samir Əli – Trend:
Şuşa həbsxanasında Mkrtçyan avtomatın sünbəsini qızdırıb yarama basırdı.
AzerTimes-ın məlumatına görə, bunu bu gün Yasamal rayon məhkəməsində azərbaycanlı əsirlərə işgəncə verən Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyanın işi üzrə keçirilən məhkəmə prosesində zərərçəkmiş Zaur Rzayev deyib.
O bildirib ki, Ağdamda ağır yaralanıb əsir düşüb: “Məni apardılar həbsxanaya. Orada çiynimdən yaralandım. Lüdvik mənim yaramı ayağı ilə basırdı. Su içəndə başıma armatur və bellə vururdular. Siqareti yandırıb yarama basırdılar. Beli götürürdü, belin sapı ilə yox, dəmir hissəsi ilə, kəsici tərəfi ilə yaramı kəsirdilər. Xocavənd rayonunda Samvel Babayanın ferması var idi. Bizi orda işlədirdilər. 30-40 nəfər azərbaycanlı əsirə 50 metr uzunluğunda donuz və toyuq fermaları tikdirirdilər. Usta işlərini ermənilər görürdü, söküntü işlərini bizə gördürürdülər. David, Karen, Lüdvik nəzarətçi idi. Hərbi forma geyinib gəlirdilər orda bizə işgəncə verirdilər. Lüdvik Mkrtçyan bizi Azərbaycan dilində söyüb. təhqir edirdi. Başqa yerdə binanı sökdürüb materialları Samvel Babayanın fermasına aparırdıq”.
Zərərçəkmiş deyib ki, Lüdvik Mkrtçyan azərbaycanlı əsirləri avtomatın qundağı ilə, dəmir parçası, armaturla döyürdü: ” Daş daşıyırdıq, ac-susuz olurduq, gücümüz çatmırdı daşımağa. Lüdvik məni avtomatın qundağı və avtomatla döyürdü, cəld işləməyi tələb edirdi. Bizi növbə ilə döyürdülər. 5 nəfərlik dəstə bir həftə gəlib işgəncə verirdi, onlar gedirdi, yeni dəstə gəlirdi, onlar da döyürdü. Başımda döyülməkdən çapıqlar var, avtomatın sünbəsini ocaqda qızdırıb basırdı sinəmə, güllə yarası olan yerə basırdı, qışqırdırdı bizi”.