Miyatoviç QAİ-də görüşə istinad etmədi, təsir altındadır

Miyatoviç QAİ-də görüşə istinad etmədi, təsir altındadır

Ermənistan hökuməti azərbaycanlılara qarşı irqi ayrı-seçkilik siyasətini davam etdirir.

AzerTimes xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda qeyd olunur ki, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç 2023-cü il oktyabrın 23-də Qərbi Azərbaycan İcmasını ziyarət edərək, Ermənistandan olan bir qrup azərbaycanlı qaçqınla görüşüb:

“Ermənistan tərəfi xüsusilə bu görüşdən sonra Qərbi Azərbaycan İcmasının beynəlxalq təşkilatlar çərçivəsində özünün insan hüquqları gündəliyi üzrə apardığı fəaliyyətə qarşı misli görünməmiş qarayaxma və təzyiq kampaniyası aparır.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi 2023-cü il noyabrın 6-da açıq şəkildə bildirib ki, İrəvan bu ölkədən qovulmuş azərbaycanlılar məsələsi ilə məşğul olmasını dayandırması üçün Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçə ciddi təzyiqlər göstərir. Ermənistan XİN-in sözçüsü hətta iddia edib ki, rəsmi İrəvan göstərdiyi təzyiqlərə görə D.Miyatoviç səfərinin yekunlarına dair yaydığı press-relizdə Ermənistandan olan azərbaycanlı qaçqınlarla keçirdiyi görüşə istinad etməyib.

Qərbi Azərbaycan İcması Ermənistanın həyata keçirdiyi qarayaxma kampaniyasını insan hüquqlarına, ifadə azadlığına və vətəndaş cəmiyyətinə qarşı təzyiq və hörmətsizlik hesab edir. Bu kampaniya bir daha onu sübut edir ki, Ermənistan hökuməti azərbaycanlılara qarşı irqi ayrı-seçkilik siyasətini davam etdirir və qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmasına imkan yaratmaq niyyəti yoxdur.

İcma beynəlxalq insan hüquqları təsisatlarını, ələlxüsus, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviçi Ermənistanın təzyiqlərinə məhəl qoymamağa və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtması məsələsi ilə məşğul olmaqda davam etməyə çağırır.

Teqlər: