Mixayıl Delyagin beynəlxalq axtarışa verildi

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi
siyasət üzrə komitəsinin sədr müavini Delyagin Mixayıl
Qennadyeviçin son günlər kütləvi informasiya vasitələrində iki
dövlət arasında olan qarşılıqlı fəaliyyətin prinsiplərinə zidd
mövqe sərgiləyən çıxışları ilə bağlı Baş Prokurorluqda araşdırma
aparılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən
məlumatda deyilir.

Bildirilir ki, Mixayıl Delyagin 2022-ci il 28 mart tarixində
Rusiya Federasiyasının “Rossiya 1” telekanalında yayımlanan
verilişdə Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibəni
başlamağa açıq çağırışlar edərək ölkəmizin enerji infrastrukturu və
neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından
istifadə olunması barədə təxribat xarakterli çıxış edərək, sosial
media platformasında bu barədə kütləvi sorğu keçirmişdir.
Rusiya Federasiyasının vətəndaşı Mixail Delyaginin əməllərində
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2 (təcavüzkar
müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (terrorçuluq-odlu
silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə
etməklə törədilməklə hədələdikdə), 283.2.1 və 283.2.2-ci (milli,
irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması)
maddələrinin tərkib əlamətləri olduğundan 29 mart 2022-ci il
tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həmin
maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması
Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından 29
mart 2022-ci il tarixdə Mixayıl Delyagin Cinayət Məcəlləsinin qeyd
edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək,
məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə
İNTERPOL vasitəsilə beynəlxalq axtarışa elan edilib.

Eyni zamanda, bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli
orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil
olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan
Respublikasına verilməsinin təmin edilməsi məqsədilə müraciətlər
göndərilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam
etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki,
ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü
əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı
qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin
olunacaqdır.

Teqlər: