Balakən rayonunda minik avtomobili traktorun qoşqusuna çırpılıb. Ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər hadisə yerində ölüb, digəri isə xəstəxanaya çatdırılıb.
AzerTimes xəbər verir ki, yol-nəqliyyat hadisəsi axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistralının Balakənin Katex kəndindən keçən hissəsində baş verib.
29 yaşlı rayon sakini Şaban Çalabovun idarə etdiyi “Mitsubişi” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində sürücü Şaban Çalabov ciddi xəsarət almasa da, onun 28 yaşlı qardaşı Əli Çalabov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Maşındakı digər sərnişin, sürücünün atası 63 yaşlı Rəcəb Çalabov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım maşını ilə Rəcəb Çalabov Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.