Xəbər - Çingiz Səfərli – Trend:
Bakı Dövlət Universitetində Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə misirli tədqiqatçı və jurnalist Əhməd Əbdo Tərabikin “Dəmir yumruq – Qarabağ müharibəsi 2020-ci il” adlı kitabının təqdimatı keçirilib.
AzerTimes xəbər verir ki, təqdimat mərasimində ərəbdilli ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləri, politoloqlar, tanınmış şərqşünaslar və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan BAMF Prezidenti Umud Mirzəyev bildirib ki, kitab 500 nüsxə tirajla nəşr olunub və Xarici İşlər Nazirliyi vasitəsilə ərəb ölkələrinə çatdırılmasına da çalışacaqlar.
“Müəllifin bu vaxtda qədər nəşr olunmuş kitablarının 5-i Azərbaycan və Türkiyə ilə bağlıdır. Son kitabı da olduqca unikadır. Birbaşa 44 günlük Vətən müharibəsinə həsr olunub. Bu, bütün tədqiqatçıların istifadə edə biləcəyi sanballı bir vəsaitdir. Kitabda Qarabağla bağlı toxunulmayan məqam yoxdur” – deyə, o qeyd edib.
Tədqiqatçı, alim və jurnalist Əhməd Əbdo Tarabikin qonaqlara video müraciəti olub.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev isə 44 günlük Vətən müharibəsindən bəhs edib və kitabın Azərbacyan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz rol oynayacağını bildirib.
“Ötən ilin 27 sentyabrı ölkəmizin yeni tarixinə qızıl hərflərlə yazılan bir səhifənin başlanğıcı oldu. 44 günlük Vətən müharibəsində qazanılan müzəffər qələbə üçün Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə borcluyuq. O eyni zamanda bir neçə cəbhədə vuruşurdu. İnformasiya cəbhəsində isə deyə bilərik ki, təkbaşına mübarizə aparırdı. Özü həm komandan, həm də ordu idi. Nəhayət, 10 noyabrda Ermənistan kapitulyasıya aktına qol çəkməyə məcbur oldu. Düzdür, azğın düşmən ara-sıra təxribatlara əl atır. Bu yaxınlarda da bir neçə hərbçimiz şəhid oldu. Amma düşmənin bütün təxribatlarının qarşısı əzmkarlıqla alınır. Əslində 44 günlük müharibə göstərdi ki, bizimlə güc dili ilə danışmaq olmaz.
Müharibə dövründə Bakı Dövlət Universitetinin də böyük fəaliyyəti olub. Yüzlərlə məzun və tələbəmiz döyüşdə iştirak edib, onlardan 19-u şəhidlik zirvəsinə ucalıb. Digər tərəfdən BDU-nun əməkdaşları 14-ə yaxın dildə müxtəlif məlumatların hazırlanıb-yayılmasında yaxından iştirak ediblər.
Biz elm adamaları olaraq Azərbaycan əsgərinin qəhrəmanlığını qələmə alıb, gələcək nəsillərə çatdırmalıyıq. Bunun üçün də ciddi tədqiqatlar aparılmalı, kitablar, dərsliklər hazırlanmalıdır. Misirli tədqiqatçı Əhməd Əbdo Tərabikin “Dəmir yumruq…2020-ci ili Qarabağ müharibəsi” adlı kitabı da bu baxımdan çox qiymətlidir. Bu kitab kifayət qədər fəallığı ilə seçilir. Burada 44 günlük müharibənin səbəbləri, gedişatı, nəticələrinə dair fikirlər əksini tapıb. Xüsusən burada Umud müəllimin zəhmətini qeyd etmək istəyirəm. Bu kitabtəkcə Azərbaycanın deyil, İslam tarixində mühüm yer tutan Azərbaycan əsgərinin igidlik dastanıdır. Kitabda 30 ilə yaxın bir dövrdə Ermənistanın etnik təmizləmə siyasəti, maddi-mənəvi abidələrin dağıdılması və s. məsələlər də öz əksini tapıb” – deyə, rektor əlavə edib.
Tədbirdə həmçinin Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim də fikir söyləyib. O kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib və bunun ərəb kitabxanasını zənginləşdirəcəyini ifadə edib.
“Vəsaitin əsas məqsədi ərəb oxucusuna Azərbaycanın probleminun onun problemi olduğunu izah etməkdir. Bu kitab həmçinin Azərbaycanın keçmiş və müasir tarixinə işıq salır. Mən ərəbəm, fələstin əsilliyəm və kitabda yazılanlar mənə böyük təsir etdi. Düşünürəm ki, bu informasiyalar ərəb oxucusunda da eyni hissləri formalaşdırılacaq. Əsrimiz informasiya əsridir. Düşmən həqiqətləri manipulyasiya etmədən, onu qabaqlamaq lazımdır” – deyə səfir bildirib.
Liviyanın ölkəmizdəki səfiri Liviyanın ölkəmizdəki səfiri Əşrəf Adəm də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi üçün apardığı haqlı mübarizəsindən, Vətən müharibəsində qazanılanı qələbədən danışıb. Bildirib ki, Liviya Azərbaycanın müstəqilliyini ilk tanıyan ərəb ölkələrindədir.
“Biz suverenliyini bərpa etməsində Azərbaycanı dəstəkləyirik. Azərbaycan həqiqətlərinin xaricə çatdırılmasında dövlət başçısının, diplomatların rolu böyükdür. Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan yenidənqurma işlərini yüksək qiymətləndirirəm”.
Qeyd edək ki, Əhməd Tarabikin II Qarabağ müharibəsi ilə bağlı yazdığı 320 səhifəlik kitabı Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı və dəstəyi ilə işıq üzü görüb. Bu unikal faktlar toplusunun ərsəyə gəlməsinə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev və Misirin Ayn Şəms Universitetinin professoru, Azərbaycan üzrə tədqiqatların müəllifi, professor Əhməd Sami Elaydi səbəbkar olublar.
“Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” kitabı təkcə ölkəmizin deyil, həm də İslam aləminin tarixində mühüm yer tutan 44 günlük müharibədə qəhrəmanlığı ilə bütün dünyanı heyrətə gətirən Azərbaycan əsgərinin salnaməsidir. Bu kitabın daha bir önəmli cəhəti odur ki, bu kitab 2-ci Qarabağ müharibəsi ilə bağlı çox vacib faktları özündə əks etdirəm bir nəşrdir.
Kitab 2 hissə və hər hissəsi 3 fəsildən ibarətdir. Tədqiqat əsərində əzəli torpaqlarının azadlığı uğrunda Azərbaycan xalqının apardığı savaşdan, Azərbaycan əsgərinin hazırlığı və onların dünyadakı nüfuzundan söhbət açılır. Azərbaycan ordusunun gücü, əzmi nəticəsində Suqovuşan ərazisi, Cəbrayıl, Hadrut, Zəngilan və Şuşa kimi tarixi torpaqlarımızın işğaldan azad edilməsindən bəhs olunur. Kitabda tarixi Xudafərin körpüsündə Azərbaycan bayrağının sancılması və erməni hərbi qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi terrordan söhbət açılır. Rusiya, Azərbaycan və Ermənistan dövlətləri arasında üçtərəfli bəyanatdan, qələbə müjdəsi və ermənilərin uğursuz həmlələri barədə məlumat verilir. Kitabda hətta Bakının mərkəzində salınmış “Hərbi qənimətlər” parkı ilə bağlı da informasiya var. Tədqiqat əsərində Qafqazda yeni başlayan eradan, 30 illik işğal dövründə erməni hərbi birləşmələrinin zəbt etdiyi Qarabağ torpaqlarında törətdiyi cinayətlər, etnik təmizləmə siyasəti və qırğınlar, habelə erməni vandalizminin tarixi-dini abidlərə, qəbirlərə və məscidlərə qarşı olan təhqiramiz davranışları haqqında sənədlər və faktlar da yer alıb.
Bundan əlavə, müəllif kitabın son fəsillərində 44 günlük müharibənin bitməsindən sonra torpaqlarımızda aparılan islahatlar, inkişaf, sülh və təhlükəsizliyin bərqərar olması, işğal olunan ərazilərin minalaması haqqında geniş məlumat verir. Habelə, tədqiqat əsərində postmünaqişə dövründə regionun inkişafı, sülhün və təhlükəsizliyin bərqərar olması, yeni transmilli nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi istiqamətində Azərbaycanın səyləri fonunda gələcəyə nikbin baxış da yer alıb.