Su ehtiyatları ilə bağlı ölkənin maraqlarına zərər verilməsi beynəlxalq və regional gərginliyə səbəb olacaq.
AzerTimes xəbər verir ki, bunu Misirin xarici işlər naziri Sami Şükrü deyib.
Qeyd edək ki, Qərbin də vasitəçilik etdiyi uzunmüddətli danışıqlara rəğmən Böyük Efiopiya Renessans Bəndi ətrafında yekun razılaşma əldə olunmayıb. Rəsmi Əddis-Əbəbənin bəndin Nil çayının suyu ilə doldurulmasına dair bəyanatı Misirin böyük narahatlığına səbəb olub. Belə ki, həmin bəndə axıdılan su ehtiyatları çayın Mavi Nil adlanan qolundan gəlir və bu mənbə Misirin su ehtiyatlarının 85 faizini təmin edir. Rəsmi Qahirə bununla bağlı dəfələrlə xəbərdarlıq edib, hətta sözügedən problemin Şimali Afrika regionunda yeni münaqişə ocağı yarada biləcəyini bildirib.