Misirdə “omikron” ştammına ilk yoluxma halları aşkarlanıb

Misirdə koronavirusun “omikron” ştammına ilk yoluxma halları qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Husam Abdel Qaffar deyib.

Onun sözlərinə görə, “omikron” ştammı paytaxt Qahirənin hava limanında xarici ölkələrdən gələn 3 vətəndaşda aşkarlanıb.

“Onlar təcrid olunublar, xəstələrlə hər hansı təmasın qarşısını almaq üçün bütün ehtiyat tədbirləri görülüb”, – deyə nümayəndə bildirib.

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına “omikron” adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıb.