Akademik, sabiq nazir və çox hörmətli ziyalı Misir Mərdanovun bugünkü müsahibəsi rezonans doğurub. Ən əsası da ona görə ki, Misir Mərdanov Ramiz Mehdiyevi tənqid edib, onu Azərbaycanın xeyrinə heç bir iş görməməkdə suçlayıb, “həyat yoldaşı da azərbaycanlı deyil” deyə, belə şəxsdən nəsə müsbət şey gözləmək mümkün olmadığına işarə edib…
Misir Mərdanovun özünün dediyi kimi, “hər zaman Ramiz Mehdiyevi tənqid etməsi” məsələsi bir az mübahisəlidir. Ramiz Mehdiyev yaxın keçmişə qədər ölkədə qılıncının dalının da, qabağının da kəsdiyi adam idi, onu tənqid etmək nazir olanda da, ondan sonra da Misir müəllim üçün ciddi başağrısı ola bilərdi.
Mümkündür ki, Misir Mərdanov AMEA prezidenti olarkən Ramiz Mehdiyevi tənqid etmiş olsun və gərək bunu da sabiq nazir etiraf edəydi ki, sözü daha inandırıcı olaydı.
Gələk “həyat yoldaşının azərbaycanlı olmaması”na…
Azərbaycanlı – vətəndaşlıq mənası daşımalıdır əslində, nədənsə ölkəmizdə milli kimlik funksiyasını üzərinə götürməkdə davam edir. Yəni Misir müəllim “azərbaycanlı deyil” deyərkən, əl-əlbət türk olmadığını diqqətə çatdırmaq istəyib ki, bu da heç yaxşı alınmayıb. Çünki ölkəmiz tolerant ölkədir, millətçilik də şovinist səviyyədə deyil, burda yaşayan bütün millətlər bir-birinə doğmadır – qız da alırıq, qız da veririk. Doğrudur, mənim öz prinsiplərim bir az fərqlidir, ancaq bunun ölkənin ümumi sosial düşüncə tərzinə qəti aidiyyəti yoxdur.
Məsələn, bu ölkədə azərbaycanlı (türk) nəinki doğma talış, kürd, tat, ləzgi, udin və s., hətta rus, yəhudi, almanla da qohum ola bilər. Biri elə Misir Mərdanovun özü. Bildiyimiz qədərincə, onun xanımı alman olmalıdır – hər halda, özü buna aydınlıq gətirsə yaxşıdır.
Yəni Azərbaycanda hansısa millətin nümayəndəsi ilə evlənmək problemi yoxdur – ərə getmək problemi isə var; dinimiz müsəlman qıza başqa dindən olan kişiyə ərə getməyi məqbul saymır, əlbəttə, əgər o kişi müsəlmanlığı qəbul edərsə, burda da maneə yoxdur.
Yəni: əgər “azərbaycanlı deyil” derkən, türk kimliyini nəzərdə tutubsa, Misir müəllim böyük yanlışlıq edib, yox, azərbaycanlını vətəndaşlıq kimliyi kimi elan edibsə, yenə də ciddi səhvə yol verib – zatən dedik, biz alman, rus, fransız, ukraynalını da evimizin xanımı edə bilirik.
Azərbaycanlı üçün hazırda, yəni son 30 ildə həyat yoldaşı kimi məqbul sayılmayan yalnız bir psevdomillət var – o da ermənidir. Azərbaycanda yaşayan bütün xalqlar üçün – yəni bütün azərbaycanlılar üçün “həyat yoldaşının azərbaycanlı olmadığı baxımından” başqaxıncı yalnız erməni ola bilər. Ki bunun da səbəbləri hər kəsə bəllidir: bu psevdomillət düşməndir, qanımızı içir, torpağımıza göz dikir, üzümüzə gülüb, arxada evimizi yıxır, körpələrimizi qətlə yetirir və 200 ildir belədir; düzələn deyil, düzəlməyəcək, min il də keçsə, belə də qalacaq.
Misir Mərdanov indi gərək mərd-mərdanə çıxıb, Ramiz Mehdiyev haqda həyat yoldaşının azərbaycanlı olmadığını deyərkən nəyi nəzərdə tutduğunu elan etsin! Əgər rus olduğunu nəzərdə tutubsa, onda öz ailəsindən və bu millətin digər vətəndaşlarından üzr istəməlidir.
Bəlkə, hamının bildiyini nəzərdə tutub?
Ola bilər – ancaq ifadəni doğru seçməyib, minlərlə ailənin qəlbinə dəyib.
İndi gərək hörmətli akademik fikirlərini konkretləşdirsin, desin, görək, Ramiz Mehdiyevin xanımı kimdir, nəçidir, hardandır və Ramiz Mehdiyev niyə məhz o xanımın əri olduğu üçün Azərbaycana normal xidmət edə bilməzmiş…