Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına görə, Misirdə 9 milyon miqrant məskunlaşıb. Bu, ölkə əhalisinin 8,7 faizinə bərabərdir.
AzerTimes xəbər verir ki, Misirlə qonşu ölkələrdə silahlı münaqişələr və dərin sosial böhran nəticəsində son illər miqrantların sayında böyük artım olub. Belə ki, hazırda Misirdə 4 milyondan artıq sudanlı, 1,5 milyon suriyalı, 1,2 milyon yəmənli və 1 milyona yaxın livanlı məskunlaşıb. Bu ölkədə Afrikanın müxtəlif dövlətlərindən də xeyli sayda miqrant var.
Hesabatda qeyd olunub ki, başqa dövlətlərdən fərli olaraq, Misir illeqal miqrantlar üçün çadır şəhərcikləri salmayıb. Ölkəyə axın edənlər paytaxt Qahirə da daxil olmaqla, müxtəlif şəhərlərdə məskunlaşıblar. Bundan başqa, müxtəlif vilayətlərdə salınan 70 miqrant kəndinə dövlət tərəfindən yardımlar da ayrılıb.
Lakin Misir hökuməti ötən ildən başlayaraq sosial-iqtisadi vəziyyətlə bağlı miqrant axınının qarşısını almaq istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Parlament tərəfindən qəbul olunmuş yeni qanunlara görə, qonşu Afrika ölkələrindən qanunsuz miqrasiyaya dəstək olan məmurlar, habelə qaçaqmalçılara qarşı ciddi cinayət məsuliyyəti nəzərdə tutulub.