Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tiflis şəhər Məhkəməsinin 2007-ci ildə mitinqin dağıdılması işi üzrə iclasında videobağlantı vasitəsilə iştirak edib.
AzerTimes xəbər verir ki, bu barədə “Mtavari” telekanalı məlumat yayıb.
İclasda Saakaşvili parlamentin sədri Şalva Papuaşvilini onu bu vəziyyətə salmaqda ittiham edib.
O, Papuaşvilinin Gürcüstan daxilində və xaricində siyasətçiləri Saakaşvilinin səhhəti ilə bağlı dezinformasiyaya görə üzr istəməyə çağıran və Avropa Parlamentini onun qətnamələrinə, o cümlədən eks-prezidentə lazımi tibbi yardımın verilməsi tələbinə görə yalan danışmaqda ittiham edən bəyanatına belə münasibət bildirib:
“Parlamentin sədri, məni bu vəziyyətə gətirdiyiniz üçün üzr istəməlisiz. Məni bu vəziyyətə gətirdiniz, deputatlardan, məndən, ailəmdən üzr istəməlisiz”.
Saakaşvili fiziki vəziyyətini göstərmək üçün köynəyini qaldırıb. Əlavə edib ki, o, fiziki cəhətdən zəifdir, lakin daxilən çox güclüdür.
Qeyd edək ki, 2022-ci il dekabrın əvvəlində on gürcü və altı beynəlxalq ekspertin iştirakı ilə tibbi kollegiya Saakaşvilinin 20-dən çox xəstəlikdən əziyyət çəkdiyini və onun həbsinin uyğun olmadığını elan etsə də, Gürcüstan hakimiyyəti onu həbsdən buraxmır.