Cenevrə və Vaşinqton görüşlərinin davamı olan və Azərbaycan tərəfi ilə Moskvada keçirilməsi nəzərdə tutulan üçüncü görüşdə iştirakdan imtina etmiş və bununla prosesi pozmuş Ermənistan xarici işlər nazirinin danışıqları dayandırmadığı barədə iddiaları riyakarlıqdır.
AzerTimes xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yanvarın 20-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi fikirlərlə bağlı medianın sualını cavablandırarkən söyləyib.
O bildirib ki, indiyə qədər bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın təkliflərinə, o cümlədən bütün kommunikasiyaların açılmasına, delimitasiya prosesinin irəlilədilməsinə, sülh sazişinin qısa müddətdə imzalanmasına bütün vasitələrlə maneə yaradan, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribatlarını davam etdirən Ermənistan tərəfinin məqsədinin bölgədə sülh və təhlükəsizlik olduğunu iddia etməsi absurddur.