Mirzoyanın Bayramovla görüşdən imtinasının əsl səbəbi

Mirzoyanın Bayramovla görüşdən imtinasının əsl səbəbi

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri sabah Moskvada görüşməli idilər. Ermənistan hakimiyyəti bu görüşdən imtina etdi.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O, bunun əls səbəbinə aydınlıq gətirməyə çalışıb:

“Ermənistanın Baş naziri Nikol Paşinyan daxil olmaqla, erməni rəsmilər Ermənistanı Qarabağla birləşdirən yolda baş verənlərə görə Rusiyanı ittiham etməyə başlayıblar. Bunların məntiqinə görə, Rusiya hərbi kontingenti yolu zor gücünə açmalıdır. Azərbaycan vətəndaşlarının yolda etirazı 11-ci gündür davam edir və qarşıdurma yoxdur. Rusiya hərbçiləri etirazçılara qarşı zor tətbiq etsələr, bu, avtomatik Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirəcək. Rusiya Ukraynada apardığı işğalçı müharibə fonunda Azərbaycanla münasibətləri gərginləşdirməkdən çəkinir. Çünki sözdə də olsa, Kreml Azərbaycanı “strateji tərəfdaş” adlandırır.

Əslində, Ermənistan hakimiyyəti nazirlərin üçtərəfli görüşündən zəif tərəf görüntüsü yaratmamaq üçün imtina edib. Çünki erməni nazir görüşdə iştirak etsəydi də, bu, Ermənistanla Qarabağı birləşdirən yolda heç bir dəyişikliyə səbəb olmayacaqdı. Azərbaycan bu və ya digər şəkildə yola nəzarətdən imtina etməyəcək. Ermənistan hakimiyyəti erməni cəmiyyətində tam nüfuzdan düşməmək üçün görüşdən imtinaya qərar verib”.

Politoloqun sözlərinə görə, Paşinyan “alternativ” təklif edir və yolu BMT və ATƏT nəzarətə götürməsini təklif edir:

“Bunun reallaşmayacağını özü də anlayır. Birincisi, buna Azərbaycan razılaşmaz, ikincisi, Rusiya öz hərbçilərini bölgəyə ona görə göndərməyib ki, BMT və ATƏT qüvvələri ilə bölüşsün. O biri tərəfdən ATƏT-in ümumiyyətlə hərbi kontingenti yoxdur”.

Teqlər: