Yazıçı-jurnalist, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov xalq yazıçısı Mirzə İbrahimov haqda olduqca maraqlı məlumatları əks etdirən xatirə yazısı yazıb.
AzerTimes sözügedən yazını təqdim edir:
Bu gün (17 dekabr – red.) Azərbaycanın xalq yazıçısı, görkəmli ədib, böyük ictimai-siyasi xadim Mirzə İbrahimovun anım günüdür. Şəxsən tanıdığım, bir dəfə yol yoldaşı olduğum Mirzə müəllimlə kiçik bir xatirəni bölüşürəm:
Moskvaya uçurduq. Aeroportda görüşdük. Baqajlarımızı verəndə gördüm sürücüsü bir taxta yeşik meyvəni baqaja vermədi. Dedim ki, bunu da ver də, ağır yükü niyə əlində aparsın ki? Sürücü dedi, Mirzə müəllim meyvənin əzilməsindən narahat olur, ona görə də həmişə salona aparır.
Nə isə, sürücü çıxış qapısınadək gətirdi, mən ondan aldım ki, götürüm, Mirzə müəllim dedi, balası, dəymə, qoy yerə, gəlib aparacaqlar. Dedim, ay Mirzə müəllim, cavan oğlanam, bu nədir ki – mən aparıram. Ötkəm asta səslə dedi, balası, sən narahat olma. Əliylə orada dayanan fəhlələrdən (aeroport işçilərindən) birini çağırdı və cibindən 1 onluq çıxarıb onun cibinə qoydu, dedi, bunu apar 1-ci sıraya qoy. Dedim, ay Mirzə müəllim, niyə artıq pul verirsiniz ki, mən qaldırardım də. Özünəməxsus qımışmağı vardı, dedi, balası, o da uşağına bir tikə çörəkpulu aparmalı deyil?
O gündən Mirzə müəllimə xüsusi rəğbətim yarandı və sonralar həmişə kitablarının çapına gücüm çatan köməyi etdim. Bu yaxınlarda illərlə həyat yoldaşı Sara xanıma yazdığı məktubları Aslan Kənanın tərtibçiliyi ilə “Sevgi məktubları” adıyla “Azərnəşr”də çap elədim.
Bilirdiniz ki, sağlığında onu da sevməyənlər vardı və yeri gəldi-gəlmədi, haqsız tənqidlər yazırdılar. Amma o səfərdə Moskvaya qədər mənə Azərbaycan dilinin qorunmasında, dövlət dili elan olunmasındakı xidmətlərindən danışdıqca, düşünürdüm ki, doğrudanmı bu kişinin böyük xidmətləri olub? Bu yaxınlarda bir kitab aldım. 2021-ci ildə Moskvada “Molodaya Qvardiya” nəşriyyatında çap olunmuş Leonid Mleçinin “Nikita Xruşşov” kitabını. Almağımın da səbəbi kitabı vərəqləyəndə 172-ci səhifədə Azərbaycanla bağlı bölmənin olduğunu görməyim oldu.
Mərkəzi Komitənin Rəyasət Heyətində Partiya orqanları şöbəsinin müdir müavini İ.V.Şikinin “Azərbaycanın partiya təşkilatlarında yoxlamaların nəticəsi” məruzəsi müzakirə olunur. Hadisə belə olub: 1959-cu ilin yayında şöbənin müdiri, sonralar Dövlət Təhlükəsizlik Komitəsinin sədri olan V.E.Semiçastnıy Xruşşova zəng vurub qəbul istəyir. Özüylə Şikini də götürüb, Baş katibin qəbuluna gedir. Şikin Azərbaycandakı vəziyyəti Xruşşova danışmağa başlayan kimi, Xruşov əsəbi halda onun sözünü kəsir və deyir:
– Siz hətta İmam Mustafayevi də təftiş edirsiniz? O ki ən yaxşı katiblərdən biridir!
Şikin başlayır yoxlama briqadasının rəyini oxumağa. Xruşşov tərəddüdlə deyir ki, yaxşı, Rəyasət Heyətində dinləyərik. Müzakirə başlayır və Şikin Azərbaycanda kənd təsərrüfatının, digər sahələrin bərbad olduğunu, xüsusən də millətçiliyin baş qaldırdığını, hətta yüksək partiya elitasında da millətçiliyə rəvac verildiyini, rəhbərliyin Qaradağ-Tiflis qaz kəmərinin çəkilməsini əngəllədiyini və s. “nöqsanları” məruzəsindən oxuyanda Xruşşov soruşur ki, səbəb nədir? Şikin cavab verir ki, Bakının partiya rəhbərlərindən biri dedi: qaz bizimdir, gürcülərə verməyəcəyik. Öz ölkəmizdə qaza ehtiyacı ödəyə bilmirik. Xruşşov bunu eşidəndə qışqırır ki, bunlar kommunistdirlər? Belə kommunist olar? Bu dözülməzdir! Gürcüyə, erməniyə qaz vermə, sənin lampan yansın, onlarınki yox?
Məruzə gəlib əsas yerə çatanda məlum olur ki, 21 avqust 1956-cı ildə Azərbaycan dilinin dövlət dili elan edilməsindən sonra respublikada rusdilli kadrları (rus, erməni, gürcü) milli kadrlarla, xüsusən Azərbaycan dilini bilənlərlə əvəz edirlər. Bunun da ideya müəllifi Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimovdur. Şikin deyir ki, biz ona bunun yolverilməz olduğunu bildirəndə sərt formada cavab verdi ki, artıq 20-ci illər deyil, Azərbaycanda kifayət qədər milli kadrımız var. O qədərdirlər ki, bütün kadrları dəyişə bilərik və dəyişirik. Şikin deyir, biz Mirzə İbrahimovdan soruşduq ki, bəs bu azad etdiyiniz rusdillilər neyləsin, cavab verdi ki, zəhmət çəkib Azərbaycan dilini öyrənsinlər, qalıb işləsinlər. Öyrənməyəcəklər, iş verməyəcəyik.
Şikin başqa bir misal gətirir. Mirzə İbrahimov Universitet tələbələri ilə görüşəndə belə bir söz deyib: Azərbaycan dilini bilməyən və yaxud bilib danışmayan adam ziyalı yox, avaradır, əclafdır, satqındır! Bu yerdə Xruşşov əsəbləşir və müzakirədə iştirak edən İmam Mustafayevdən soruşur ki, belə bir şey olubmu?
İmam Mustafayev deyir, bəli, olub, amma biz ona cəza verib işdən çıxarmışıq (İmam Mustafayev dana bilməzdi, çünki Şikin stenoqramlardan sitat gətirirmiş). Xruşşov özünəxas cırtqozluğu ilə qışqırır:
“Belə yaramazları vəzifədən çıxarmaq azdır, ən yüngül cəzadır, onları partiyadan da, ictimai həyatdan da qovmaq lazımdır! Beləsi nə leninçi, nə də kommunistdir! Beləsi millətçi və rəhbərliyə soxuşdurulmuş düşməndir!”
Baş katibin dəstəyindən yararlanan Şikin daha da qabağa gedir:
“Bunların, yəni İmam Mustafayev və Mirzə İbrahimovun tapşırığıyla Azərbaycanda bütün iclaslar, müşavirələr yalnız Azərbaycan dilində aparılır, rus dilinə tərcümə edilmir, önə rusları, erməniləri yox, yalnız azərbaycanlıları çəkirlər. Əgər Kommunist Partiyası haqqında kitablarda Şaumyanın, Orcenikidzenin, Çaparidzenin səhvləri, çatışmazlıqları haqqında gen-bol yazılırsa, N.Nərimanovun haqqında bircə kəlmə də mənfi söz deyilmir. Hərçənd onun səhvləri bunlarınkından az olmayıb”.
Bundan qəzəblənən Xruşşov ağzının suyunu dağıda-dağıda çığır-bağır salır və nəticədə İmam Mustafayevi də vəzifəsindən azad edir. Amma ilahi ədalətin sayəsində Mirzə İbrahimov sonralar Azərbaycanın xalq yazıçısı, SSRİ Ali Sovetinin deputatı, 1981-ci ildə Sosialist Əməyi Qəhrəmanı, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri olur…
Allah rəhmət eləsin.