Xəbər - Humay Ağacanova – Trend:
Miqrant və qaçqın böhranı, ətraf mühit çirkləndirilməsi problemləri hələ öz həllini tapmayıb.
AzerTimes-ın məlumatına görə, bunu VIII Qlobal Bakı Forumunda “Gənclik danışır, biz dinləyirik” mövzusunda paneldə çıxış edən Qaqauziya Muxtar Ərazi Birliyinin qubernatoru İrina Vlah deyib.
Onun sözlərinə görə, pandemiya bizim bu zəif tərəflərimizi daha qabarıq şəkildə üzə çıxardı: “Bütün təcrübələr göstərdi ki, insanlar həm bir-birilərinə, həm də ətraf mühitə qarşı çox eqoist davrandı və bu hal hələ də davam edir. Biz ekoloji çirklənmənin qarşısını almasaq, gələcəkdə daha ciddi fəsadlarla üzləşəcəyik. İnsanlığın sağlam qalması üçün bütün bu problemlərin həlli üçün hökumətlərarası təşkilat qurulmalı və birlikdə çalışılmalıdır”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.