Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsinə həsr edilmiş təntənəli mitinq keçirilib.
MDB İcraiyyə Komitəsinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, təntənəli tədbir İkinci Dünya müharibəsində Qələbənin 76-cı ildönümünün bayram edilməsi çərçivəsində Azərbaycanın Belarusdakı səfirliyinin təşəbbüsü ilə təşkil olunub.
Mitinqdə Müstəqil Dövlətlər Birliyini üzvü olan ölkələrin Birliyin nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurasının üzvləri, Azərbaycan səfirliyinin əməkdaşları, Minsk şəhərinin Moskva rayonu administrasiyasının və Azərbaycan diasporunun nümayəndələri, habelə MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski başda olmaqla MDB İcraiyyə Komitəsinin nümayəndə heyəti də iştirak edib. Mitinqə gələnlər qəhrəman tankçının xatirə lövhəsi önünə tər çiçəklər qoyublar.
Tədbirdə çıxış edən Azərbaycanın Belarusdakı səfiri, Birliyin nizamnamə və digər orqanları yanında Azərbaycan Respublikasının səlahiyyətli daimi nümayəndəsi Lətif Qəndilov mitinq iştirakçılarını qarşıdan gələn Qələbə Günü münasibətilə təbrik edib. Onun sözlərinə görə, Azərbaycan xalqı İkinci Dünya müharibəsində Böyük Qələbəyə sanballı töhfə verib. Belə ki, 1941-ci ilin əvvəlində Azərbaycanın sakinlərinin sayı təqribən 3,6 milyon nəfər olduğu halda respublikanın 680 min vətəndaşı cəbhəyə yollanıb, onların təqribən 400 mini həlak olub.
Belarusun faşizmdən azad edilməsi əməliyyatında 20 minə yaxın azərbaycanlı iştirak edib. Onlardan 14 nəfərinə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Lətif Qəndilov deyib: “Mogilyovda Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirovun büstü, Vileykada iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun heykəli qoyulub. Yaxın vaxtlarda Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin də büstü qoyulacaq. Belarus xalqı, Belarus dövləti öz qəhrəmanları ilə yanaşı digər ölkələrin qəhrəman nümayəndələrinə də belə diqqət göstərirlər. Buna görə mən Belarus xalqına, Belarus dövlətinin başçısına təşəkkürümü bildirmək istərdim”. Səfir müharibə haqqında tarixi həqiqəti qoruyub saxlamağın əhəmiyyətini və böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin zəruri olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Viktor Quminski qeyd edib ki, Azərbaycan nümayəndəsi, sovet zabiti Nəcəfqulu Rəfiyev şəxsi şücaət göstərərək Belarusun faşizmdən azad edilməsinə böyük töhfə verib. Tank vzvodunun komandiri olan Rəfiyev “Baqration” əməliyyatının gedişində öz bölməsinin fəaliyyətini bacarıqla təşkil edib. Onun vzvodunun tankçıları Bobruysk ətrafında döyüşdə Ptiç çayını nəzarətə götürüb, Bobruysk – Qlusk şosesini tutaraq düşmənin geri çəkilmək yolunu kəsiblər. Daha sonra bu tank vzvodu düşməni qova-qova Qoretski rayonundakı Lenino yaşayış məntəqəsinə, oradan da Baranoviçiyə daxil olub. Beləliklə yüzlərlə insanın həyatı xilas edilib.
Viktor Quminski deyib: “İkinci Dünya müharibəsinin başlanmasının 80-ci il dönümü ərəfəsində biz unutmamalıyıq ki, faşizm üzərində Qələbə yalnız sovet xalqının şanlı övladlarının fədakarlığı, bizim möhkəm, sarsılmaz dostluğumuz sayəsində mümkün olub. Bu qələbə çox baha başa gəlib. Ona görə də müharibə illərinin faciəli tarixinin bir daha təkrarlanmaması üçün biz bu rəşadəti unutmamalıyıq”.