Minsk qrupunun yenidən canlandırılması… – Əliyev

Minsk qrupunun yenidən canlandırılması… – Əliyev

BMT, ATƏT və bu kimi digər mühüm beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxmasına dair qətnamə, qərar və bəyanatlar qəbul etməsinə baxmayaraq, bütün bunlar 30 ilə yaxın kağız üzərində qaldı. Bu müddət ərzində Ermənistana heç bir sanksiya tətbiq olunmadı.

AzerTimes xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib.

Beynəlxalq ictimaiyyətin Azərbaycanda yaşanan humanitar fəlakətə laqeyd yanaşdığını vurğulayan dövlətimizin başçısı xatırladıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğal edilmiş ərazilərə dəfələrlə səfər edib, şəhərlərin və kəndlərin kobud şəkildə dağıdılmasının şahidi olublar. Onlar ermənilərin bu ərazilərdə qeyri-qanuni məskunlaşdığını görüb, lakin Ermənistanı qınamayıblar.

“İndi isə biz Minsk qrupunun yenidən canlandırılması səylərini görürük. Təbii ki, biz bunu dəstəkləyə bilmərik. Çünki onlar öz mandatları çərçivəsində heç nə etmədilər. Onların etdiyi yeganə şey bir yerə qədər nail olduğu erməni təcavüzünü qanuniləşdirmək və təcavüzkarla təcavüzün qurbanı arasında bir növ balans yaratmaq oldu”, – deyə Azərbaycan Prezidenti əlavə edib.

Teqlər: