Minsk Qrupunun xəbis niyyəti – Revanşizm körüklənir?

“Münaqişə öz həllini tapdıqdan sonra münaqişənin həllinə kömək etməli olan qrupun fəaliyyətinə yer varmı? Bilmirəm. Eyni zamanda, mən bizə artıq Minsk qrupu lazım deyil, çıxın gedin də deyə bilmirəm…”.

Prezident İlham Əliyevin aprelin 13-də ATƏT Minsk Qrupunun bundan sonrakı fəaliyyəti ilə bağlı ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda səsləndirdiyi bu fikirlərdən sonra sözügedən Qrupun həmsədrləri qərəz dolu bir bəyanat yaydılar. Əsas qayə də bu idi ki, münaqişə ilə bağlı yenidən danışıqlar aparılmalıdır. Sual olunur, hansı münaqişə? Bəlkə, 30 ilə yaxın özlərinin həll edə bilmədiyi, əksinə daha da düyünlədiyi və 44 günə Azərbaycan Ordusunun son qoyduğu Ermənistan-Azərbaycan münaqişəsini nəzərdə tuturlar? Guya, bu münaqişənin artıq tarixdə qaldığını bilmirlərmi? Əlbəttə, bilirlər. O halda, bu səmərəsiz Qrupda təmsil olunan həmsədrləri narahat edən nədir?

Təbii ki, Azərbaycan yenidən lazımsız və mənasız danışıqlara qatılmaq fikrində deyil. Çünki bunun üçün artıq heç bir əsas və Tərəf yoxdur. Belə olan təqdirdə ATƏT Minsk Qrupu üçün söyləniləcək tək bir şey qalır – Bu Qrup münaqişənin qalmasında və hətta daha da alovlanmasında maraqlıdır. Çünki beşulduzlu otellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrin “dadı hələ də damaqlarında qalıb”. Bunu özyanımızdan demirik, elə ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqlandın son açıqlamalarına diqqət etmək kifayətdir. “Biz beşulduzlu otellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam çox-çox az iş görülürdü” deyə, o bildirib.

Baxın, bu açıqlamadan açıq-aydın görünür ki, bu Qrup 30 ildə heç bir iş görməyib, aktiv fəaliyyət görüntüsü yaradıb, münaqişənin həlli istiqamətində isə bir addım belə atmayıb. Elə son bəyanat da bir növ özünüxatırlatma və yadasalma missiyası daşıyır.

Həmsədrlərin dünənki bəyanatı həm də Ermənistanda revanşizmin baş qaldırmasına xidmət edir, desək, yanılmarıq. Çünki onların bu kimi şübhəedici və qərəzli yanaşması onsuz da xaos içərisində qıvrılan və şok effekt yaşayan erməni cəmiyyətində digər bir nifaq toxumunun səpilməsinə şərait yaradır. Dolayısı ilə belə bir yanaşma ilə ATƏT Minsk Qrupu Ermənistandakı revanşizm yanğısını körükləyir. Nəticədə, regionda sabitlik yenidən pozula, qarşıdurma yaşana və münaqişə yarana bilər.

Lakin Ermənistanla yanaşı, onun təəssüfünü çəkən bütün qüvvələr də bilməlidir ki, Azərbaycanın “dəmir yumruğu” hər zaman sıxılıdır, ən ufaq bir həmlədə əzib keçməyə hazırdır…

Digər tərəfdən, BMT-nin müvafiq qətnamələri artıq icra olunub, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Həmsədrlərin yenidən səfərlərə başlamaqla nəyi həll etmək istədikləri qəribə deyilmi? Və ən əsası, Qrupda təmsil olunan ölkələr içərisində Fransa da var. O Fransa ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq niyyətində idi. Belə bir niyyəti olan ölkənin təmsilçisinin Azərbaycanın qələbəsini (təamlardan söhbət getmir) həzm edə bilərmi? Ona görə də Fransa öncə Minsk Qrupuna daxil olmasının şərtlərini xatırlamalıdır və obyektivlik, bitərəflik kimi kriteriyaları kobud şəkildə pozan ölkənin bu prosesdə iştirakının arzuolunmaz olduğunu qəbul etməlidir.

Məhz bu kimi faktlardan dolayı, Fransa tamamilə bu Qrupdan uzaqlaşdırılmalıdır. Ümumiyyətlə, əgər gələcəkdə belə bir Qrupun fəaliyyət göstərməsinə ehtiyac olarsa və ya Qrup bölgənin inkişafında bir faydada bulunmaq istəyərsə, ilk növbədə, burada 3 ölkənin – ABŞ, Rusiya və Fransanın monopoliyasına son qoyulmalıdır. Bilirsiniz ki, Hoqlandın da dediyi kimi, Minsk Qrupuna Azərbaycan və Ermənistandan başqa, Belarus, Finlandiya, Almaniya, İtaliya, İsveç və Türkiyə daxil olsalar da, “gündəlik üzbəüz işi” Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər aparır. Yəni, balansı qorumaq üçün həmsədrlər yalnız xristian ölkələrdən olmamalı, xüsusən də Türkiyənin burada təmsil olunması təmin edilməlidir. Əks təqdirdə, bu Qrupdan faydalı ola biləcək heç nə gözləmək olmaz!

Elgün MƏNSİMOV
Trend

Teqlər: