Minsk Qrupunun reinkarnasiyası de-fakto və de-yure mümkün
deyil.
Trend-in məlumatına görə, bunu Milli.az xəbər portalının baş
redaktoru, araşdırmaçı jurnalist Elçin Alıoğlu “Arb24” telekanalına
müsahibəsində bildirib.
Onun sözlərinə görə, Brüsseldə aparılan danışıqlarda müsbət
nəticələr əldə olunub.
“Artıq Ermənistanla sülh müqaviləsi imzalamaq istiqamətində
konkret addımlar atırıq və Ermənistan da buna müsbət baxır. Belə
bir zamanda Fransa ortaya çıxaraq Minsk Qrupunun yenidən fəaliyyətə
başlamasını istəyir. Minsk qrupu Ermənistana da sərf etmir. Fransa
bütün cəbhəboyu uduzduğu geosiyasi məğlubiyyətlərin acısını Rusiya
ilə birləşərək məhz Qarabağda yerli ermənilərə muxtariyyət adı kimi
absurd fikirlərlə gündəmə gətirmək istəyir”, – deyə o əlavə
edib.