Minsk qrupunun həmsədrləri sifarişli siyasətə və maraqlara xidmət edirlər – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

ATƏT-in Minsk Qrupu lazımdırmı? Bu təşkilatın fəaliyyətində hansısa müsbət nəticəni görən varmı? Xeyr, mən görməmişəm. Minsk Qrupunun həmsədrləri müəyyən sifarişli siyasətə və maraqlara xidmət edirlər. Düşünürəm ki, onların münaqişələrin ədalətli həll edilməsinə maraqları yox idi. Çalışırdılar ki, sifariş edilən tərəfi müdafiə etsinlər. Biz bunu keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə edilməsinə həsr etdikləri 28 ildən artıq bir dövrdə müşahidə etmişik.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, hətta qarşı tərəf nəyəsə razılaşmaq istəyəndə də həmsədrlərin məsələnin həll olunmaması üçün müdaxilə etdiklərini görmüşük: “Çünki bunlar üçün münaqişənin həll olunması maraqlı deyil. Qoy həmişə münaqişə olsun ki, bunlar da vaxtaşırı regiona turistik səfərlərini etsinlər, yeyib-içib, Cənubi Qafqazın təmiz havasından udub geri qayıtsınlar. Azərbaycana son səfərlərində Prezident İlham Əliyev hətta həmsədrlərə demişdi ki, biz sizi dəvət etməmişik. Bu o demək idi ki, niyə gəlmisiniz və sizin fəaliyyətiniz bizə lazım deyil. Bu o demək idi ki, sizin bu illər ərzində çoxdan görməli olduğunuz işi müzəffər ordumuz görmüşdür. Artıq münaqişə yoxdur. Azərbaycan döyüş meydanında öz ərazi bütövlüyünü təmin etmişdir. Bölgədə rus sülhməramlıları təhlükəsizliyi təmin edir. Artıq kommunikasiyaların açılması məsələsinin həll edilməsi istiqamətində işlər görülür.

Biz öz işimizi yaranmış yeni reallığa uyğun idarə edirik. ATƏT-in Minsk Qrupunun həmsədrləri, bundan sonra sizin görəcəyiniz iş nədən ibarət olacaq? Açıqladığınız bəyanatdan məlum olur ki, siz hələ də köhnə ab-havada qalmısınız. Hələ də köhnə düşüncələrinizdən əl çəkməmisiniz. Bəyanatda işlətdiyiniz hər bir ifadəniz ikili standartlara xidmət edir, Azərbaycan ictimaiyyətində qıcıq doğurur. Həmsədr Stefan Viskontinin təmsil etdiyi Fransanın XİN-i Ermənistanın müharibədə ləyaqətli uduzduğunu deyirsə və bu ölkə ermənipərəst siyasətindən əl çəkmirsə, siz gəlib yeni nəyi təklif edə bilərsiniz? Təbii ki, ermənilərin mövqeyini müdafiə edilməsindən başqa heç nə. Sizin yadınıza salım ki, Ermənistan 10 noyabrda kapitulyasiya aktına imza atmışdır. Siz köhnə əhavalınzda qalsanız da bilməlisiniz ki, Azərbaycan bu gün sizin təsəvvür etdiyiniz o Azərbaycan deyil. Azərbaycan öz problemini öz gücü ilə həll etmiş Azərbaycandır. Siz gəlib nə isə bir iş görmək istəyirsinizsə, ancaq Ermənistanı revanşist meyillərdən çəkindirib Azərbaycanın ərazi bütövlünü rəsmən tanıdığını açıqlayaraq uzunmüddətli sülh sənədinə imza atdırmaqla sərhədlərin demarkasiya və delimitasiya işlərini sürətləndirə bilərsiniz. Biz bilirik ki, belə səmimi missiyalar sizin gündəliyinizdə yoxdur. Qeyd etdiyim məsələni iş planınıza salmasanız, regiona gəlməməlisiniz. Çünki regiona yenidən ermənipərəst səfərləriniz bizə lazım deyil. Yaxşı olardı ki, özünüzə hörmət edib səsinizi çıxarmadan, başınızı aşağı salıb öz işinizlə məşğul olun!”.

Teqlər: