Minsk qrupu proseslərin arxasınca sürünməyə davam edir – ŞƏRH

Xəbər - Elçin Mehdiyev – Trend:

ATƏT-in Minsk Qrupu 2020-ci il sentyabrın 27-dək ATƏT sədri tərəfindən verilən mandatın müddəalarına necə əhəmiyyət vermirdisə, bu gün də eyni düşüncə ilə davranır və proseslərin arxasınca sürünməyə davam edir.

Bunu AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, 44 günlük müharibədən sonra Azərbaycan torpaqlarının 30 ilə yaxın bir müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmasından doğan və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayə etdiyi status-kvo ilə yanaşı, regiondakı reallıqlar da dəyişib: “Hətta dünyada işğal və dondurulmuş münaqişələrlə bağlı problemlərin həllinə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmlərinə münasibətdə də yeni baxış bucaqları formalaşıb, amma ATƏT-in Minsk Qrupunun və onun BMT Təhlükəsizlik Şurasının üç daimi üzvündən ibarət həmsədrlərinin fəaliyyətinin, yaxud fəaliyyətsizliklərinin mahiyyəti olduğu kimi qalır.

1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonrakı dövrdə uzun illər boyu davam etdirilən danışıqlar prosesində hər dəfə Ermənistanın təxribatı nəticəsində iflasa uğrayan “proseslər” dəyişəndə də həmsədrlər yaranmış vəziyyətə 1994-cü ilin prizmasından baxmağa davam edirdilər”.

Onun sözlərinə görə, görünən mənzərə ondan ibarətdir ki, Minsk qrupunun həmsədrləri regionda baş verən dəyişikləri başa düşsələr də, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi faktına qarşı hüquqi müstəvidə heç bir arqumentləri olmasa da, mövcud reallıqlar çərçivəsində özlərinə yer tapa bilmirlər: “Bu isə onu bir daha sübuta yetirir ki, fəaliyyətdə olduqları dövrdə Minsk qrupu həmsədrlərinin niyyəti regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi olmayıb. Əksinə işğal nəticəsində yaranmış münaqişənin davam etməsində və bölgənin kənar münaqişələrə açıq olmasında maraqlı olublar. Həmsədrlərin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün səy göstərməmələrin əsas səbəbi də budur. Çünki regionda davamlı sülhün əldə edilməsindən sonra onların “missiyasına” ehtiyac qalmayacaq”.

Teqlər: