Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş şəhər sakini İlkin Həsənov şübhəli şəxs qismində saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan qurudulmuş marixuana, heroin və metamfetamin aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana da baxış keçirilib və oradan 428 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən,əvvəllər məhkum olunmuş Ramiz Bayramov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub və faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.