2022-ci ilin 2 fevral tarixində Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib.
Foruma ölkədə müxtəlif sahələr üzrə uğur qazanan gənclər dəvət olunublar. Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi Ülvi Məmmədov da Forumda təmsil olunub.
Ülvi Forumla bağlı öz təəssüratlarını bölüşüb:
“Gülüstan sarayında möhtərəm Prezidentimizin iştirakı ilə keçirilən Gənclər Forumunda yer aldığım üçün böyük fəxarət hissi keçirirəm. Bu cür əlamətdar tarixdə – Azərbaycan Gəncləri Gününün 25 illiyində Foruma dəvət edilən təqribən 200-ə yaxın gəncdən biri olmaq çox qürurverici idi. Prezident İlham Əliyev biz gənclərin suallarına səmimi və ətraflı cavab verərək bizi maraqlandıran mövzularda, o cümlədən təhsillə bağlı məsələlərdə tövsiyələrini çatdırdı. Gənclər Günündə biz gənclərlə birgə olan və öz dəyərli vaxtını bizə ayıran cənab Prezidentə təşəkkür edirəm”.
Qeyd edək ki, hazırda Ülvi Məmmədov MDU-da İqtisadiyyat və idarəetmə fakültəsində “Mühasibatlıq” ixtisası ikinci kurs tələbəsidir. O, bir çox ölkələrdə təşkil edilən təhsil, təcrübə və mübadilə proqramlarında, eləcə də Erasmus+ beynəlxalq mübadilə proqramında iştirak edib. 2019-cu ildə Sloveniyanın Kraynska Gora şəhərində Skaut və Bələdçilər Akademiyasından məzun olan Ü.Məmmədov skaut fəaliyyəti ilə məşğuldur. Azərbaycan Skautlar Assosiasiyasının Baş Katibi vəzifəsində çalışan Ü.Məmmədov bir sıra yerli və beynəlxalq layihələrin həyata keçirilməsinə rəhbərlik edib.