2021-ci ilin 29 avqust tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik, inzibati və tələbə heyəti üzvü universitetin şəhid məzunu Əzəmi Hüseynovun doğum günü münasibətilə keçirilən anım mərasimində iştirak edib.
İlk öncə, Mingəçevir Şəhidlər Xiyabanını ziyarət edən tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəman məzunun məzarı üzərinə gül dəstələri düzüb və onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra şəhidin adına inşa edilmiş bulağın qarşısında davam edən anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, universitetin kollektiv üzvləri və şəhər ictimaiyyəti nümayəndələri çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsində 30 il həsrətində olduğumuz əzəli torpaqlarımızın düşmən işğalından azad edilərək tarixi ədalətin bərpa olunmasında qəhrəman şəhidlərimizin mühüm pay sahibi olduğu qeyd edilib və Ə.Hüseynovun keçdiyi şərəfli döyüş yolundan bəhs edilib.
Universitetdə təhsil aldığı dövrdə Ə.Hüseynovun yüksək əxlaqi keyfiyyətləri və nümunəvi davranışlarından, vətənpərvər və nizam-intizamlı tələbə olmasından söhbət açan MDU-nun akademik heyət üzvləri universitetin qəhrəman məzunları ilə qürur duyduqlarını diqqətə çatdırıblar.
Vətəninə, millətinə layiqli övladlar yetişdirən valideynlərə dərin ehtiramlarını bildirən tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından və qanından keçən bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyiblər.
Qeyd edək ki, MDU-nun şəhid məzunu Ə.Hüseynov 1992-ci il avqustun 29-da Mingəçevir şəhərində anadan olub. Ə.Hüseynov 2010-2014-cü illərdə MDU-da ali təhsil alıb. 2020-ci ilin 8 oktyabr tarixində 44 günlük Vətən Müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ə.Hüseynov dövlət başçımızın müvafiq Sərəncamına əsasən “Vətən uğrunda” və “Suqovuşanın azadlığı uğrunda” medalları ilə təltif edilib.
Şəhidin həyat yoldaşı Minayə Hüseynova hazırda MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) koordinatoru vəzifəsində çalışır. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən işlərin çevik və səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə yaradılan TVİM tərəfindən qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi və onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır.