Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüşüb (FOTO)

2021-ci ilin 13 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Tələbə Gənclər Təşkilatının bir qrup fəal üzvü ilə görüş keçirib.

Universitetin Tələbə Gənclər Təşkilatının ötən ilki təqdirəlayiq fəaliyyətinə görə “İlin Tələbə Gənclər Təşkilatı” adına layiq görüldüyünü diqqətə çatdıran rektor MDU ailəsinin gənc üzvlərinin 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə, eləcə də COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərində yüksək fəallığından bəhs edib, onların universitet həyatındakı çoxşaxəli rolunu müsbət dəyərləndirib.

Görüşdə çıxış edən Tələbə Gənclər Təşkilatının sədr əvəzi Elmira Hüseynli və idarə heyəti üzvləri universitetdə təhsilalanların hərtərəfli inkişafına göstərilən diqqət və qayğıya görə MDU rəhbərliyinə təşəkkürünü bildiriblər. Ali təhsillərinin başa çatması ilə əlaqədar olaraq Tələbə Gənclər Təşkilatının rəhbər heyətinin tərkibinin yenilənməsinin zəruriliyini diqqətə çatdıran E.Hüseynli və digər gənc fəallar estafetin aşağı kurslarda təhsil alan tələbələrə verilməsi təşəbbüsü ilə çıxış ediblər.

Tələbələrin təşəbbüsünü yüksək qiymətləndirən rektor seçkinin keçirilməsinin mümkün olduğu vaxta qədər pandemiya şəraitinin tələblərinə və mövcud qaydalara uyğun olaraq MDU-nun Tələbə Gənclər Təşkilatının müvəqqəti yeni rəhbər heyətinin formalaşdırılmasını dəstəklədiyini bildirib.


Ali təhsil müəssisələrinin müasirləşməsində tələbə təsisatlarının əhəmiyyətli rolundan bəhs edən Ş.Bayramov tələbə gənclərin ədalətlilik, şəffaflıq və obyektivlik prinsipləri əsasında formalaşdıracaqları müvəqqəti rəhbər komandanın MDU-nun sürətlə modernləşməsinə davamlı töhfələr verəcəyinə əminliyini ifadə edib və bu istiqamətdə müvafiq tövsiyələrini bildirib.

Görüş Tələbə Gənclər Təşkilatının cari ildə nəzərdə tutulmuş müxtəlif layihələrinin müzakirəsi ilə davam edib.

Qeyd edək ki, son dövrdə MDU-da bütün fəaliyyət istiqamətləri üzrə tələbəyönümlü məzmunun yaradılması məqsədilə tələbələrin universitet idarəçiliyində iştirakının artırılmasına və tələbə təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə xüsüsi diqqət yetirilir.

Teqlər: