Mingəçevir Dövlət Universitetinin rektoru Azərbaycanın İstanbuldakı Baş konsulu ilə görüşüb (FOTO)

2021-ci ilin 11 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulu Nərminə Mustafayeva ilə görüşüb.

MDU-dan AzerTimes-a bildirilib ki, görüşdə yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-nun İstanbul şəhərində yerləşən müvafiq ali təhsil müəssisələrinin qabaqcıl təcrübəsindən və böyük potensialından faydalanması imkanları müzakirə olunub. MDU-da tədrisin məzmununun təkmilləşdirilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, akademik və inzibati heyətin bacarıqlarının inkişaf etdirilməsi, innovativ ali təhsil infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən tədbirlər və mövcud ehtiyaclar barədə fikir mübadiləsi aparılıb.

İstanbul Baş Konsulluğunda keçirilən görüşdə Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşı Nəcibə Nəsibova və MDU rektorunun müşaviri Hamiz Mahmudov iştirak edib.
Qeyd edək ki, sürətlə müasirləşən MDU-da qarşıya qoyulan strateji hədəflərə çatmaq məqsədilə beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm verilir və bu sahədə qardaş ölkənin univerisitetləri ilə işbirliyinin yaradılması prioritet hesab edilir.

Teqlər: