Mingəçevir Dövlət Universitetinin minifutbol komandası şəhər turnirinin qalibi olub (FOTO)

2022-ci ilin 1 mart tarixində Mingəçevir Dövlət Universiteti
(MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin
təşkilatçılığı ilə 5 Mart- Bədən Tərbiyəsi və İdman Gününə həsr
edilmiş ali və orta ixtisas təhsil müəssisələri arasında minifutbol
üzrə şəhər turniri keçirilib.

Universitetin İdman-sağlamlıq kompleksində təşkil edilən
turnirdə MDU, Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kolleci və
Mingəçevir Peşə Məktəbinin tələbələrindən ibarət komandalar
mübarizə aparıblar. Şəhər turnirini qalibiyyətlə başa vuran MDU
komandasının üzvləri kubok və diplomlarla mükafatlandırılıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq
Sərəncamına əsasən hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və
İdman Günü kimi qeyd olunur. Gənclərin hərtərəfli inkişafını diqqət
mərkəzində saxlayan MDU-da tələbələrin asudə vaxtlarının səmərəli
təşkili və sağlam həyat tərzinin təmin edilməsi məqsədilə müvafiq
tədbirlərin keçirilməsinə, o cümlədən şəhər və ətraf rayonlarda
təşkil olunan müxtəlif formatlı idman yarışlarında iştiraka xüsusi
önəm verilir.

Teqlər: