Mingəçevir Dövlət Universitetinin mini futbol komandası Müstəqillik Gününə həsr edilən şəhər çempionatının qalibi olub (FOTO)

2022-ci ilin 23-26 may tarixlərində Mingəçevir Dövlət
Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin
təşkilatçılığı ilə “28 May Müstəqillik Günü”nə həsr edilən idman
oyunları çərçivəsində mini futbol üzrə oğlanlar arasında şəhər
çempionatı keçirilib.

MDU-dan AzerTimes-a
bildirilib ki, dörd gün davam edən çempionatda MDU, Mingəçevir
Turizm Kolleci, Mingəçevir Tibb Kollecinin tələbələri və Mingəçevir
şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin şagirdlərindən ibarət
komandalar mübarizə aparıb. MDU-nu təmsil edən mini futbol
komandası yarışın qalibi olub.

Mayın 26-da qalib komanda üzvlərinin mükafatlandırılması
mərasimi keçirilib.

Mərasimdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin
başçısı İlham İsmayılov gənclərin idmana, sağlam həyat tərzinə olan
marağını yüksək qiymətləndirib, qalib komandanın üzvlərini qələbə
münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.

Sonra qalib komandaların üzvlərinə diplom və kuboklar təqdim
edilib, xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, Müstəqillik Gününə həsr olunan idman oyunları
şəhərdə idmanın təbliği və kütləviləşdirilməsi, gənclərin asudə
vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin
edilməsi işinə töhfə məqsədilə keçirilib.

Teqlər: