2022-ci ilin 26 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının üzvləri cari tədris ilinin payız imtahan sessiyası çərçivəsində əyani formada təşkil edilən imtahan prosesini izləyiblər.
Universitetin rektoru Şahin Bayramov İctimai Nəzarət Şurasının üzvlərinə payız semestrinin imtahan sessiyasının təşkili çərçivəsində görülən hazırlıq işləri, imtahanların gedişi və bu günədək olan nəticələr barədə məlumat verib. MDU-nun fəaliyyətində yaxından iştirak etdiklərinə görə İctimai Nəzarət Şurasının üzvlərinə təşəkkürünü bildirən rektor Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan imtahan sessiyasının məzmunu haqqında danışıb.
Şuranın üzvləri olan “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusibov, Mingəçevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva, Mingəçevir şəhər Şəhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Allahverdi Alıyev, Mingəçevir şəhər Veteranlar Şurasının katibi Tahir Məmmədov, təqaüdçü Ağagül Əliyev, təcrübəli pedaqoq Mirzə Cavadov və peşəkar jurnalist Esmira Hidayətova MDU-da imtahan sessiyasının gedişatı ilə əyani tanışlıqdan məmnun qaldıqlarını ifadə ediblər.
Şura üzvləri universitetdə imtahanların keçirilməsi mexanizmi, tələbələrin biliyinin qiymətləndirilməsi qaydaları və “İmtahan Qərargahı”nın fəaliyyəti ilə tanış olublar. İmtahanların şəffaf və ədalətli keçirildiyini qeyd edən şura üzvləri tələbələrə uğurlar arzulayıblar. İctimai Şuranın üzvləri son dövrdə MDU-nun modernləşdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlərin şəhər ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılandığını diqqətə çatdırıblar.
Qeyd edək ki, MDU-da yanvarın 5-dən başlanan payız imtahan sessiyası fevralın 2-dək davam edəcəkdir. Cari imtahan sessiyasında baş tutacaq 900-dən çox imtahanda 3000-dən artıq tələbə və magistrantın iştirakı nəzərdə tutulub. Sessiya ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, hər bir fənn üzrə imtahan sualları və həmin sualların qısaldılmış cavabları tələbələrə çatdırılıb. İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb, “Qaynar xətt” fəaliyyət göstərir. Bununla yanaşı, sessiya ərzində hər həftənin cümə axşamı rektorun iştirakı ilə “Açıq Qapı” günləri keçirilir.