Mingəçevir Dövlət Universitetində “Zəfər Günü tariximizə əbədi həkk olunmuş milli iftixar günüdür!” adlı konfrans keçirilib (FOTO)

5 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 8 noyabr Zəfər Günü”nə həsr olunmuş “Zəfər Günü tariximizə əbədi həkk olunmuş milli iftixar günüdür!” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tədbirdə şəhid ailəsi üzvləri, Vətən müharibəsində iştirak etmiş məzunlar, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.

Tədbirdən öncə, universitetin bir qrup tələbə və müəllim kollektivi üzvü Mingəçevir Şəhidlər xiyabanını ziyarət edib və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzüblər.

Vətən uğrunda canından keçərək şəhidlik məqamına ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edib.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edən Ş.Bayramov 44 günlük Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələrinin yazıldığını qeyd edib.

Otuz il işğal altında olan torpaqlarımızın azad edilməsində, tarixi ədalətin bərpa olunmasında mühüm pay sahibi olan qəhrəman əsgər və zabitlərin şücaətindən danışan rektor ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin heç zaman unudulmayacağını və daim böyük ehtiramla anılacağını bildirib.

Şanlı Qələbədən sonra uzun müddət erməni vandalizminə məruz qalmış əzəli torpaqlarımızın sürətlə dirçəldiyini vurğulayan Ş.Bayramov bu gün qəhrəman şəhidlərimizin ruhunun şad olduğuna və doğma Qarabağın tezliklə cənnətə çevriləcəyinə əminliyini ifadə edib.


Sonra çıxış edən şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva, universitetin qazi məzunu Abdulla Abdullayev, Vətən müharibəsi iştirakçısı Famil Məmmədov müharibə dövrü ilə bağlı xatirələrini bölüşüb, torpaqlarımızın hər qarışı uğrunda yüksək şücaət, fədakarlıq və cəsarət nümunələrini ortaya qoyan qəhrəmanlarımızla qürur duyduqlarını bildiriblər.

Konfransda MDU əməkdaşlarından dosent Nizami Zeynalov “44 günlük Vətən Müharibəsi: tarixi ədalətin şanlı zəfəri”, müəllim, Vətən müharibəsi iştirakçısı Rövşən Babayev “Müzəffər Ordumuz Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qarantıdır”, baş müəllimi Mətanət Yusifova: “Vətən Müharibəsindəki qələbədə Azərbaycan diplomatiyasının rolu”, Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin koordinatoru Minayə Hüseynova “Qarabağ torpağının hər bir qarışı şəhidlərimizin müqəddəs qanı ilə yoğrulmuşdur” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda Zəfər gününə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirdən sonra MDU rektoru Ş.Bayramov şəhid ailəsi üzvləri ilə görüşüb.

Qeyd edək ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə MDU-da müxtəlif formatlı silsilə tədbirlər keçirilir.

Teqlər: