Mingəçevir Dövlət Universitetində Xocalı faciəsinin otuzuncu ildönümnə həsr olunmuş silsilə mühazirələr keçirilib (FOTO)

2022-ci ilin 23-25 fevral tarixlərində Mingəçevir Dövlət
Universitetində (MDU) Xocalı faciəsinin otuzuncu ildönümünə həsr
olunmuş “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda silsilə
mühazirələr təşkil olunub.

MDU-dan AzerTimes-a verilən məlumata görə, tələbə və magistrantların
iştirakı ilə “Microsoft Teams” platforması üzərindən onlayn
formatda keçirilən mühazirələrdə MDU-nun Humanitar fənlər
kafedrasının akademik heyət üzvləri Mirzə Cavadov, Leyla Babayeva
və Vüsalə Mövlayeva məruzələrlə çıxış ediblər.

Mühazirələrdə dövrün ictimai-siyasi şəraitindən, erməni
millətçilərinin azərbaycanlılara qarşı düşmən münasibətlərinin
tarixi köklərindən, onların məkirli planlarından, vəhşi və terrorçu
xislətindən bəhs edən məruzəçilər Xocalı faciəsini dünya tarixində
insanlıq əleyhinə törədilən ən qəddar soyqırım hadisəsi kimi
dəyərləndirib, konkret faktlara istinad edərək amansız qətliamın və
tarixi cinayətin miqyası və dəhşətləri barədə ətraflı danışıblar.
Bildirilib ki, illərlə bu soyqırım cinayəti əsl beynəlxalq
hüquqi-siyasi qiymətini almasa da, Müzəffər Ali Baş Komandanımızın
rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qəhrəman əsgər və
zabitlərimiz döyüş meydanlarında düşmənə sarsıdıcı zərbə vuraraq
tarixi ədaləti bərpa ediblər və şəhidlərimizin qanlarını yerdə
qoymayıblar.


İnformasiya mübarizəsinin gücləndiyi müasir dövrdə tarixi
həqiqətlərin öyrənilməsi və təbliğ edilməsinin vacib vəzifələrdən
olduğunu diqqətə çatdıran mühazirəçilər qan yaddaşımıza həkk olan
Xocalı soyqırımı, eləcə də digər hadisələr barədə dünya
ictimaiyyətinin davamlı olaraq məlumatlandırılmasında gəncləri daha
fəal olmağa çağırıb və onlara müvafiq tövsiyələrini veriblər.

Mövzu ətrafında aparılan müzakirələrdən sonra, tələbə və
magistrantların çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, MDU-da Xocalı soyqırımının otuzuncu ildönümünə həsr
olunan silsilə tədbirlər davam edir.

Teqlər: